
Görkəmli xanəndə, Xalq artisti Arif Babayev Heydər Əliyev Mükafatına layiq görülüb.
Prezident İlham Əliyev 8 may 2025-ci il tarixində Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Arif İmran oğlu Babayevə Heydər Əliyev Mükafatının verilməsi haqqında sərəncam imzalayıb.
Heydər Əliyev Mükafatı Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 mart tarixli 38 nömrəli Fərmanı ilə təsis edilib.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 sentyabr tarixli 628 nömrəli Fərmanı ilə mükafatın Əsasnaməsi təsdiq edilib.
Əsasnamədə qeyd olunur ki, Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı ictimai-siyasi, sosial, iqtisadi, elm, ədəbiyyat və incəsənət sahələrində xüsusi xidmətlərə; dövlət qulluğunda xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka; Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsində fərqlənməyə; beynəlxalq münasibətlərdə dostluq və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə görə verilir.
Mükafat ilk dəfə 2009-cu ildə verilib. Məbləği 50 000 manatdır.