Mayın 7-də Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar təşkil edilib.
Ulu öndərin anadan olmasının 102-ci ildönümünə həsr edilən seminar Azərbaycan Bəstəkarlar İttifaqında keçirilib.
Tədbirdə Bəstəkarlar İttifaqının sədri Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə və MEMİM-in direktor vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov çıxış ediblər.
Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin xalqımızın rifahı, müasir Azərbaycanın inkişafı istiqamətində əvəzsiz xidmətləri var. Onun mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğı fəaliyyətinin xüsusi bir şaxəsini təşkil edib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderatorluğu ilə keçirilən seminarda Heydər Əliyevin incəsənət xadimləri ilə görüşləri, onlar haqqında fikirlərinin əks olunduğu videoçarx nümayiş olunub.
Professor Firəngiz Əlizadənin “Heydər Əliyev və musiqi mədəniyyəti”, Xalq artisti Əbdül Mahmudovun “Azərbaycan kino sənətinin inkişafında Heydər Əliyevin rolu”, Azərbaycan Rəssamlar İttifaqının katibi Xalq rəssamı Ağaəli İbrahimovun “Heydər Əliyev obrazı təsviri incəsənətdə”, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Əməkdar mədəniyyət işçisi Rəşad Məcidin “Azərbaycan mətbuat işçilərinə Heydər Əliyevin diqqət və qayğısı” mövzularında məruzələri dinlənilib.
Xalq artisti Ülviyyə Hacıbəyova (fortepiano) və Əməkdar artist İlham Nəzərovun (vokal) ifasında Heydər Əliyevin sevdiyi musiqi əsərləri səsləndirilib.