Qusar Dövlət Ləzgi Dram Teatrında dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Cəmilə” (1958) povesti əsasında hazırlanan tamaşanın premyerası olub.
Tamaşanın quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Faiq Qardaşov, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı isə Fərəh Pirməmmədovadır.
Rolları Diana Cəfərova, Sədaqət Əlimuradova, Yalçın Qaraxanov, Elnur Hacıyev, Vadim Abbasov, Tofik Mustafayev, Yeganə Kərimova, Arzu Məmmədrzayeva, Lalə Qurbanova, Bağır Əhmədov, Samir Babayev və Yuri Kərimov ifa ediblər.
“Cəmilə” əsəri Çingiz Aytmatovun doğulub boya-başa çatdığı Talas vadisinin tarixi xüsusiyyətlərini və mədəniyyətini özündə əks etdirir.
Tamaşada cərəyan edən hadisələr II Dünya müharibəsi illərini əhatə edir. Sadıq at yarışında ona qalib gəlmiş Cəmiləni qaçırdır, amma tezliklə müharibə başlayır və Sadıq cəbhəyə yollanır. Sevmədiyi adamla evlənmək məcburiyyətində qalan, məhəbbətin dadını hiss etməyən Cəmilə bir tərəfdən də ailənin yükünü çəkir...
Tamaşada müharibənin insan həyatına vurduğu zərbələr göz önündə canlandırılır. Lakin bütün bu məhrumiyyətlərə baxmayaraq, nəhayət, Cəmilə öz sevgisinə qovuşur.
Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Azərbaycan teatrsevərləri Ç.Aytmatovun bu əsərinin tamaşasını ilk dəfə izləmirlər. 2018-ci ildə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında əsərin qırğız dilində tamaşası nümayiş olunub. 2023-cü ildə isə Lənkəran Dövlət Dram Teatrı “Cəmilə” povestinə müraciət edib.