Mayın 5-də Sabirabad rayon Mədəniyyət Mərkəzində “Heydər Əliyev – Azərbaycan mədəniyyətinin hamisi” adlı konsert proqramı təşkil olunub. Konsert Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilib.
Eyni zamanda regionlararası mədəni əlaqələrin inkişaf etdirilməsi məqsədi daşıyan tədbir Mil-Muğan və Lənkəran-Astara Regional Mədəniyyət idarələrinin (RMİ) birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşları, Sabirabad Rayon İcra Hakimiyyəti, YAP Sabirabad rayon təşkilatı, Mil-Muğan və Lənkəran-Astara RMİ-lər, həmçinin rayonun idarə və təşkilatarının rəhbərləri, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qonaqlar öncə Mədəniyyət Mərkəzinin foyesində Ulu öndərin şərəfli ömür yolunu əks etdirən fotosərgi ilə tanış olublar.
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov çıxış edərək Ulu öndərin Azərbaycanın dövlətçilik tarixində müstəsna rolundan, eləcə də ölkəmizdə mədəniyyət sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs ediblər.
Çıxışlardan sonra “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı videoçarx nümayiş etdirilib. Ardınca Masallı və Lənkəran rayon Mədəniyyət mərkəzləri kollektivlərinin iştirakı ilə rəngarəng konsert proqramı təqdim olunub.
Konsertdə Mədəniyyət mərkəzlərinin solistləri müxtəlif musiqi nömrələri ifa edib, eyni zamanda Masallı rayon "Halay" xalq folklor kollektivi tərəfindən maraqlı rəqs kompozisiyaları nümayiş olunub.
Sonda Mil-Muğan RMİ-nin rəisi Nadir Quliyev tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib. Regionlararası mədəni əlaqələrin gücləndirilməsinə verdiyi töhfəyə görə Lənkəran-Astara RMİ təltif edilib.
Böyük maraq və alqışlarla qarşılanan tədbir sənətçilərin ifasında “Azərbaycan” mahnısının səsləndirilməsi ilə yekunlaşıb.