Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı Bakıda “Çempionların savaşı” adlı şahmat turniri keçirilir.
Aprelin 28-də Milli Xalça Muzeyində turnirin açılış mərasimi olub.
Muzeyin direktoru Əminə Məlikova şahmat üzrə belə mötəbər turnirin bu məkanda ilk dəfə keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Bildirib ki, şahmat çox qədim idman növü olmaqla yanaşı, yüksək zəka sahiblərinin oyunudur.
Sonra yarışın tanıtım videoçarxı nümayiş olunub.
AŞF-nin prezidenti Mahir Məmmədov təşkilatçılığa görə Milli Xalça Muzeyinə və Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç iştirakçılara uğurlar arzulayıb və onların yarışdan zövq alacaqlarına inandığını söyləyib.
AŞF adından FIDE prezidentinə və Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydına xatirə hədiyyəsi təqdim edilib.
Qeyd edək ki, “Çempionların savaşı” turnirində azərbaycanlı qrossmeyster, respublika çempionu Rauf Məmmədov özbəkistanlı dünya çempionu Rüstəm Kasımcanovla, Azərbaycan çempionu Günay Məmmədzadə isə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə yarışır.
Turnir aprelin 30-da yekunlaşacaq.