Aprelin 28-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında milli uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı-dramaturq Xanımana Əlibəylinin anadan olmasının 105 illiyinə və müəllifin “Balaca həkim”, “Yaz konserti” kitablarının ilk nəşrinin 70 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə Xanımana Əlibəylinin qızı filologiya elmləri doktoru, professor Gülər Abdullabəyli, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları, 177 saylı tam orta məktəbin 2-ci sinif şagirdləri və müəllimləri iştirak ediblər.

Xanımana Əlibəyli yüzlərlə uşaq şeirinin, onlarla poema və səhnə əsərinin, 30-dan artıq kitabın müəllifidir. O, Azərbaycan uşaq dramaturgiyasının banisidir.

Kitabxananın direktoru Şəhla Qəmbərova giriş sözündə Xanımana Əlibəylinin Azərbaycan uşaq ədəbiyyatında yeri və milli ədəbi irsimizə verdiyi töhfələrdən danışıb. Qeyd edib ki, Azərbaycan uşaq ədəbiyyatının inkişafında böyük xidmətləri olmuş Xanımana Əlibəylinin şeir, poemalarında, səhnə əsərlərində yüksək mənəvi keyfiyyətlər tərənnüm olunur. Onun əsərləri uşaqlarda Vətənə məhəbbət, insan əməyinə və istedadına ehtiram, təbiət gözəlliklərinə vurğunluq, böyüklərə hörmət, özündən kiçiklərə şəfqət, mehribanlıq, dostluqda dəyanət kimi kamil insana xas duyğular aşılayır.

Gülər Abdullabəyli və digər qonaqlar Xanımana Əlibəylinin yaradıcılığından söz açıb, onun “Gözəllər gözəli”, “Nişanlı quş”, “Aycan”, “Dovşanın ad günü”, “Cunquş”, “Kənd həkimi”, “Durnalar lələk salır”, “Meyvələrin şahı” və s. dram əsərlərinin uşaq-gənclər və kukla teatrlarında tamaşaya qoyulduğunu qeyd ediblər. Vurğulanıb ki, ədibin yaradıcılığında vətənpərvərlik, ana təbiətə sevgi və insanlıq əsas mövzudur.

Sonra şairənin həyat və yaradıcılığına həsr olunan videomaterial və ənənəvi kitab sərgisi təqdim edilib.

Tədbirin bədii hissəsində məktəblilər Xanımana Əlibəylinin sözlərinə yazılmış  “Qonaqlıq” və “Günəş olaram mən də” mahnılarını oxuyublar. Uşaqların ifasında “Tülkü və canavar” nağılından səhnəcik təqdim olunub, şeirlər səslənib, rəqslər təqdim edilib.

Sonda uşaqlara kitabxananın “Göy qurşağı” jurnalı hədiyyə olunub.