Bu il görkəmıi ədəbiyyatşünas, şair, tərcüməçi, filologiya elmləri doktoru, professor Mikayıl Rəfilinin (1905–1958) anadan olmasının 120 illik yubileyidir.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında bu münasibətilə ədəbiyyat xadiminin həyat və yaradıcılıq yolundan bəhs edən virtual kitab sərgisi hazırlanıb.
Virtual sərgidə Mikayıl Rəfilinin təhsil illəri, bədii yaradıcılığı, Azərbaycan tərcümə ədəbiyyatına verdiyi töhfələr haqqında məlumat verilir.
Kitabxananın saytında yerləşdirilən virtual kitab sərgisində Mikayıl Rəfilinin "Nizami. Həyat və yaradıcılıq”, “Pəncərə”, “Lirik şeirlər” kitabları, eləcə də onun tərcüməsində Azərbaycan dilində nəşr olunan Viktor Hüqonun “Gülən adam”, “Paris Notr-Dam kilsəsi”, “Səfillər”, Onore de Balzakın “Qobsek”, “Qorio ata” kitabları haqqında məlumat verilir, dövri mətbuat nümunələri sərgilənir.
***
Milli Kitabxanada ədəbi-mədəni fikir tariximizin tanınmış simalarından sayılan Mikayıl Rəfilinin yubileyi ilə əlaqədar “Mikayıl Rəfili – 120” adlı kitab sərgisi açılıb.
Sərgidə Mikayıl Rəfilinin müəllifi olduğu əsərlər, dərs vəsaitləri, tərcümələri, tərtibçisi olduğu, ön söz yazdığı, redaktoru olduğu kitablar, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Xatırladaq ki, Mikayıl Həsən oğlu Rəfili 1905-ci il aprelin 25-də Goranboy rayonunun Borsunlu kəndində anadan olub. İbtidai təhsilini doğulduğu kənddə, orta təhsilini Gəncədə alıb. Bakıda Azərbaycan Politexnik İnstitutuna daxil olan Mikayıl Rəfili həm də Azərbaycan Dövlət Universitetinin Şərq dilləri fakültəsində məşğələlərin dinləyicisi olub, 1927-ci ildə Moskva Dövlət Universitetində təhsil alıb və bu dövrdə Kremldə qanunların Azərbaycan mətnlərinin redaktoru işləyib.
“Pəncərə” adlı ilk şeirlər kitabı iyirmi dörd yaşında “Azərnəşr”də işıq üzü görüb. 1930-cu ildə "Lirik şeirlər”, 1936-cı ildə isə rus şairi A.Tarkovskinin tərcüməsində şeir və poemalarından ibarət "Pesni o qorodax” kitabı Moskvada nəşr olunub.
Mikayıl Rəfilinin tərcüməçi kimi də zəngin fəalyyəti olub. V.Hüqonun "Gülən adam”, "Paris Notr-Dam kilsəsi”, "Səfillər” (I, II, III, V və VI hissələr), O.Balzakın "Qorio ata”, "Qobsek”, "Novellalar”, L.Tolstoyun "Dirilmə” (I və II hissələr), A.Puşkinin "Bağçasaray fontanı”, "Tunc atlı” əsərlərinin tərcümələri bədii tərcümə tariximizin "qızıl fondu"na daxildir.
Mikayıl Rəfili həmçinin M.F.Axundov haqqında "Səbuhi" adlı kinossenari, “Şirvanşah İbrahim” pyesi və "Xosrov və Şirin" opera librettosu yazıb.
SSRİ Yazıçılar İttifaqının üzvü olub. Xidmətlərinə görə “Şərəf nişanı” ordeni və medallarla təltif olunub.
1958-ci il aprelin 25-də vəfat edib.