Bu il Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor, şair, yazıçı, tərcüməçi Rafiq Yusifoğlunun anadan olmasının 75 illiyidir.
Aprelin 24-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Rafiq Yusifoğlu: biblioqrafiya” kitabının və yubilyar haqqında elektron-məlumat bazasının təqdimatı olub.
Təqdimatda yubilyarla yanaşı, millət vəkilləri, ədəbiyyatşünas alimlər Elnarə Akimova, Jalə Əliyeva, professorlar Elman Quliyev, Şahin Xəlilli, uşaq yazarları Zahid Xəlil, Sevinc Nuruqızı, Çinarə Köçərli, Reyhan Yusifqızı, Zahirə Cabir, Gülzar İbrahimova və başqa qonaqlar iştirak ediblər.
Kitabxananın direktoru Şəhla Qəmbərova qonaqları salamlayaraq şair, ədəbiyyatşünas, ”Göyərçin” uşaq jurnalının baş redaktoru Rafiq Yusifoğlunun elmi və ədəbi yaradıcılığı haqqında söz açıb. Qeyd edib ki, kitabxana tərəfindən tərtib edilən biblioqrafik göstərici və elektron məlumat bazası Rafiq Yusifoğlunun yaradıcılıq fəaliyyəti ilə bağlı 1966-2025-ci illərdə dərc olunan materialları əhatə edir.
Təqdimatda çıxış edənlər Rafiq Yusifoğlunun ədəbiyyatşünaslığa, poeziyaya və uşaq ədəbiyyatına verdiyi töhfələrdən bəhs ediblər. Diqqətə çatdırılıb ki, onun müəllifi olduğu "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi, "Uşaq ədəbiyyatı", "Müasir ədəbi proses və ədəbi tənqid", "Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri" monoqrafiyaları ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.
***
Həmin gün Respublika Uşaq Kitabxanasında Rafiq Yusifoğlu ilə Xırdalan şəhər 10 saylı tam orta məktəbin şagirdlərinin görüşü də təşkil olunub.
Kitabxananın direktoru Şəhla Qəmbərova Rafiq Yusifoğlunun həyat və yaradıcılıq yolu haqqında məktəblilərə məlumat verib.
Məktəblilər Rafiq Yusifoğlunun müxtəlif illərdə qələmə aldığı şeirləri səsləndiriblər.
Rafiq Yusifoğlu şagirdləri maraqlandıran sualları cavablandırıb, baş redaktoru olduğu “Göyərçin” jurnalının yeni nömrəsini onlara hədiyyə edib.