Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində tanınmış türkiyəli müğənni və aktrisa Müşərrəf Akayla görüş keçirilib.

Aprelin 25-də təşkil olunan tədbirin aparıcısı Əməkdar artist Aybəniz Həşimova müğənninin sənət yolundan danışıb, onun Azərbaycan incəsənətinə, milli ruhuna bağlılığını qeyd edib. Bildirib ki, repertuarında Azərbaycan musiqilərinə də geniş yer verən sənətçi onları böyük məharətlə ifa edir.

Azərbaycan haqqında xoş təəssüratlarının olduğunu söyləyən Müşərrəf Akay bugünkü görüşə görə təşkilatçılara və tamaşaçılara öz təşəkkürünü bildirib.

Daha sonra müğənni türk və Azərbaycan mahnılarını ifa edərək tamaşaçıların könlünü oxşayıb.

Əməkdar artist Aybəniz Həşimova və onun "Sənət akademiyası"nın tələbələri bir-birindən gözəl musiqi nömrələri çıxış ediblər. Onların ifaları da tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.