M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçirilib.

Aprelin 25-də gerçəkləşən konsertdə dirijor, Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər Zərifə Alxasova (violin), Emil Əhmədzadə və Elçin Məmmədov (hər ikisi piano) çıxış ediblər.

Musiqi axşamının tamaşaçıları arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Xalq artistləri Fərhad Bədəlbəyli, Yeganə Axundova, Murad Adıgözəlzadə də olub.

Proqramda E.Chaussonun "Violin və simfonik orkestr üçün poema" (op.25), F. Listin "Piano və orkestr üçün 2 nömrəli konsert"i (A-dur) və S.Raxmaninovun "Piano və orkestr üçün 3 nömrəli konsert"i (d-moll, op.30) səsləndirilib.

Bütün ifalar alqışlarla qarşılanıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin 2022-ci ildən həyata keçirilən “Yeni adlar” layihəsi müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edir.