9 iyul Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür. Əlamətdar gün 2007-ci ildə (24 avqust) Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsis olunub.
Həmin ilin iyulunda Bakıda Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda çalısan diplomatlarının iştirakı ilə ilk dəfə geniş müşavirə keçirilmişdi. Sonrakı illərdə diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı ərəfəsində belə müşavirələr ənənə halını aldı.
Bu günün tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlıdır. 1919-cu il iyulun 9-da Cümhuriyyətin Xarici İşlər Nazirliyi diplomatiya fəaliyyətini tənzimləyən ilk normativ sənədi – XİN-in katibliyi haqqında müvəqqəti təlimatı təsdiq edib. Həmin vaxt Cümhuriyyətin xarici işlər naziri Məmməd Yusif Cəfərov (1885–1938) olub.
1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib. Eləcə də Azərbaycanın bir sıra ölkələrdə səfirləri fəaliyyətə başlamışdı.
Cümhuriyyətin süqutu və sovetləşmədən sonra Azərbaycanın qismən müstəqil xarici siyasəti daha iki il davam etdi. 1922-ci il dekabrın 30-da SSRİ-nin (Sovet Sosialist Respublikaları İttifaqı) yaradılması ilə Azərbaycanın müstəqil xarici siyasət fəaliyyəti tamamilə dayandırıldı. 1923-cü ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin müvafiq əmri ilə, Türkiyə və İran istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklər ləğv edildi.
İkinci Dünya müharibəsinin sonlarına yaxın – 1944-cü ildə sovet hakimiyyəti özünün strateji maraqlarını əsas götürərək, digər respublikalarla yanaşı, Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığını (daha sonra nazirlik) da bərpa etdi. Lakin bu orqan Azərbaycanın müstəqilliyini bərpa etməsinə (1991) qədər yalnız formal mövcud idi...
Diplomatiya fəaliyyəti və diplomat peşəsinin tarixi isə əsrlər öncəyə – Antik dövrə gedib çıxır. "Diplomatiya" termini yunanca “diploma” sözündən yaranıb. Qədim Yunanıstanda şəhər-dövlətlərin elçilərinin etimadnamə və səlahiyyətlərini təsdiq edən sənədə – qoşa lövhəyə “diploma” (“iki qatlanmış” mənasını verir) deyilirdi. Elçilər iki qatlanan lövhədə yazılmış, səlahiyyətlərini təsdiq edən göstərişlər və məktubları şəhərin xarici əlaqələrə cavabdeh olan məmuruna təqdim edirdilər...
***
İyulun 8-də Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Gülüstan sarayında rəsmi qəbul təşkil edilib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Rəsmi qəbulda Xarici İşlər Nazirliyi və ölkəmizin diplomatik missiyalarının rəhbərləri, bir sıra dövlət qurumlarının yüksəksəviyyəli nümayəndələri, Milli Məclisin deputatları, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun duayeni Məhəmməd Adil Embarş (Mərakeş Krallığının Azərbaycandakı səfiri) çıxış edərək peşə bayramı günü münasibətilə diplomatik xidmət orqanları əməkdaşlarına təbriklərini çatdırıb, onlara fəaliyyətlərində uğurlar arzu ediblər.
Diplomatik xidmət orqanları əməkdaşlarının ölkəmizin praqmatik xarici siyasət kursunun həyata keçirilməsində, milli maraqlarımızın beynəlxalq səviyyədə irəlilədilməsi və qorunmasında rolu vurğulanıb. Xarici siyasət nailiyyətlərindən bəhs olunub, prioritetlər barədə danışılıb, ölkəmizin beynəlxalq nüfuzunun artmasında diplomatik xidmət əməkdaşlarının xidmətləri qeyd edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət xəttinin reallaşdırılmasında diplomatik xidmət orqanlarının üzərinə mühüm vəzifələrin düşdüyü vurğulanıb.
Rəsmi qəbul konsert proqramı ilə davam etdirilib.