Kolumbiyanın Azərbaycandakı səfiri Luis Fernando Kuartas Ayala və müvəqqəti işlər vəkili, konsul Andres Felipe Giraldo Lopez iyulun 8-də Milli Kitabxananın qonağı olublar.
Bu barədə Milli Kitabxanadan məlumat verilib.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonaqlara kitabxananın fəaliyyəti, həyata keçirilən layihələr haqqında məlumat verib. Diqqətə çatdırıb ki, Azərbaycan Milli Kitabxanası dünyanın 60-a yaxın kitabxanası ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalayıb. O cümlədən Kolumbiya Milli Kitabxanası ilə memorandum 2023-cü ildə imzalanıb. "Kitabxana dünyanın 95-dən artıq milli və universitet kitabxanaları ilə beynəlxalq kitab mübadiləsi edir. Son üç ildə Kolumbiya Milli Kitabxanasına 52 nüsxə kitab göndərilib. Səfirliyin dəstəyi ilə mövcud olan qarşılıqlı əməkdaşlıq əlaqələri genişlənəcək. Hər iki ölkənin milli kitabxanalarında “Ədəbiyyat guşə”sinin açılması mümkündür”, – deyə o əlavə edib.
Səfir Luis Fernando Kuartas Ayala da öz növbəsində iki ölkənin kitabxanaları arasında əlaqələrin, eləcə də kitab mübadiləsinin genişləndirilməsində dəstək göstərəcəyini bildirib. O, Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlığa hər zaman hazır olduğunu söyləyib.
Qonaqlar Milli Kitabxana ilə tanış olub.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.