Azərbaycan Respublikasının Kino Agentliyində 2025-ci il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti ilə bağlı agentliyin yanında fəaliyyət göstərən Bədii şura üzvlərinin iştirakı ilə görüş keçirilib.
Xatırladaq ki, “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsi bu ilin mart ayında Mədəniyyət Nazirliyi ilə ARKA tərəfindən elan olunub.
Görüşdə müsabiqənin mövzuları, iştirak şərtləri, seçim mərhələləri və ümumilikdə müsabiqənin reqlamenti müzakirə olunub. Bədii şura üzvləri tərəfindən müsabiqə ilə bağlı təkliflər irəli sürülüb. Həmin təklif və qeydlər nəzərə alınmaqla reqlamentin hazırlanmasına qərar verilib.
Onu da qeyd edək ki, “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri" müsabiqəsinin məqsədi kino sənayesinin dəstəklənməsi, yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunmasıdır. Eyni zamanda bu sahədəki özəl sektorun da dəstəklənməsi məqsədi daşıyan müsabiqə bədii, bədii-sənədli, sənədli, animasiya, uşaq filmləri və tələbə filmləri kimi istiqamətləri əhatə edir.