İyunun 26-da Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində pirotexniki maddələr yığılan tikilidə baş verən partlayış kinostudiyanın fəaliyyətinə təsir etməyib.
Bu barədə kinostudiyadan məlumat verilib.
Bildirilib ki, hadisə zamanı "Azərbaycanfilm"in binası zərər görməyib. Hazırda kinostudiyada rejissor Vaqif Mustafayevin "Molla Nəsrəddin – çətin günlərimin dostu" filminin çəkilişləri davam edir. Növbəti çəkiliş günləri üçün dekorasiyalar qurulur. Ortaq türk mədəniyyətinə xidmət edən layihədə 5 ölkə (Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan) iştirak edir.
Kinostudiyada çəkilişə hazırlıqları gedən növbəti layihə rejissor Elxan Cəfərovun ekranlaşdırdığı uşaqlar üçün filmdir. Film Mədəniyyət Nazirliyinin dəstəyilə çəkilir. Hazırda kinostudiyanın otaqlarında filmin kastinqi, kiçik pavliyonda isə dekorasiyaların qurulması həyata keçirilir. Filmin çəkilişlərinə avqust ayında start veriləcək.
Xatırladaq ki, iyunun 26-da saat 23 radələrində kinostudiyanın binasının arxa tərəfində yerləşən, uzun müddət istifadə olunmayan anbarda partlayış və yanğın baş verib. Nəticədə ümumi sahəsi 200 m² olan birmərtəbəli tikilinin konstruksiyaları dağılıb. Hadisə zamanı xəsarət alan olmayıb.