Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, ekvadorlu siyasətçi və diplomat, BMT Baş Assambleyasının sabiq prezidenti xanım Maria Fernanda Espinoza (María Fernanda Espinosa Garcés) London İqlim Həftəsi çərçivəsində keçirilən yüksək səviyyəli tədbirdə Azərbaycanın dahi mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş və təbiətlə insanın harmoniyasını əks etdirən poemasını təqdim edib.

Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi məlumat yayıb.

Maria Fernanda Espinoza təqdimatda deyib: “Nizami Gəncəvi əsərlərində insanın təbiət qarşısındakı məsuliyyətini və kainatla harmoniyada yaşamaq zərurətini dərin fəlsəfi düşüncə ilə ifadə edirdi. Onun bu mesajları bu gün iqlim böhranı dövründə xüsusi aktuallıq kəsb edir.”

London İqlim Həftəsi qlobal iqlim gündəliyinin formalaşdırılmasında aparıcı platformalardan biridir. Hökumət nümayəndələri, beynəlxalq təşkilatlar, biznes liderləri və vətəndaş cəmiyyətinin iştirak etdiyi bu həftə iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin vacibliyini ön plana çıxarır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq ikinci ildir ki, London İqlim Həftəsinin tərəfdaşı kimi bu mühüm qlobal platformada iştirak edir. Mərkəz iqlim diplomatiyasının gücləndirilməsi, COP29 zamanı Azərbaycanda əldə olunmuş təcrübənin paylaşılması və COP30 prosesinə töhfə verilməsi istiqamətində öz rolunu genişləndirməkdədir.

Xanım Espinozanın təqdim etdiyi poema, yalnız poetik bir əsər deyil, həm də çağırışdır – insanın təbiətlə yenidən barışması, gələcək nəsillər üçün dayanıqlı həyat tərzinin təmin olunması məqsədilə birgə məsuliyyətə dəvətdir. 

Qeyd edək ki, 1964-cü il təvəllüdlü Maria Fernanda Espinoza antropologiya, politologiya və tətbiqi linqvistika üzrə ali təhsil, o cümlədən sosial elmlər üzrə magistr təhsili alıb. 2007-ci ildən Ekvadorda iqtidarda olan "İnqilabi Demokratik Yaşıl Etik Hərəkat"  (Movimiento Verde Ético Revolucionario y Democráticoun) partiyasının (2021-ci ilədək "Alyans PAİS" adlanıb) üzvüdür.  Ekvadorun BMT-də daimi nümayəndəsi, ölkənin milli irs və turizm, milli müdafiə, xarici işlər nazirləri vəzifələrində çalışıb. 2018-2019-cu illərdə BMT Baş Assambleyasının prezidenti olub. 

Həmçinin şair və esseist kimi tanınır. Ekvadorun poeziya üzrə ilk milii mükafatına (1990) layiq görülüb. 

V.Orxan