Tarixdəki olaylar
21 iyun 1503 – Şah İsmayılın başçılıq etdiyi Səfəvi qoşunları Almaqulağı (Həmədan yaxınlığında) döyüşündə Sultan Muradın başçılığı altında Ağqoyunlu ordusunu məğlub edib. 1500-cü ildə Ağqoyunlu dövləti ikiyə parçalandıqdan sonra onun bir qoluna Əlvənd Mirzə, ikinci qoluna Sultan Murad başçılıq edirdi. Səfəvi qoşunları 1501-ci ildə Şərur döyüşündə Əlvənd Mirzəni məğlub etmişdi. Ağqoyunlunun hər iki qolunun məğlubiyyəti ilə Səfəvi dövlətinin güclənməsi başlandı.
21 iyun 1613 – Rusiyada Romanovlar sülaləsinin hakimiyyəti başlayıb. 1606-cı ildə başlayan qarışıqlıq və ixtilafdan sonra boyarlar gənc Mixail Romanovu çar seçiblər. Kremldəki Uspenski kilsəsində yeni çarın tacqoyma mərasimi keçirildi. Romanovlar sülaləsi 3 əsr hakimiyyətdə qaldı.
21 iyun 2001 – Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
21 iyun 1794 – Tarixçi, şair, maarifçi Abbasqulu ağa Bakıxanov (1794–1847) Bakının Əmircan kəndində anadan olub. 1819–1845-ci illərdə çar Rusiyasının Tiflisdəki Qafqaz Baş Hərbi İdarəsində tərcüməçi işləyib, Türkmənçay müqaviləsinin (1828) imzalanmasında iştirak edib. “Gülüstani-İrəm” əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub. “Qüdsi” təxəllüsü ilə şeirlər yazıb.
21 iyun 1905 – Fransız yazıçı-dramaturqu, filosof, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1964) Jan-Pol Sartr (Jean-Paul Sartre; 1905 – 15.4.1980) anadan olub. Əsərləri: “Azadlıq yolları”, “Qapalı qapılar arxasında”, “Dəfn olunmamış ölülər” və s.
21 iyun 1910 – Rus şairi Aleksandr Trifonoviç Tvardovski (1910 – 18.12.1971) anadan olub. “Muraviya ölkəsi”, “Vasili Tyorkin” və s. poemaların müəllifidir.
21 iyun 1933 – Xalq artisti, xanəndə Tələt Məmmədağa oğlu Qasımov (1933 – 28.7.2013) Bakıda doğulub. Azərbaycan Dövlət Filarmoniyası və Dövlət Konsert Birliyinin solisti olub.
21 iyun 1953 – Əməkdar incəsənət xadimi, sənətşünas, professor Leyla Camal qızı Axundzadə (1953 – 10.2.2010) anadan olub. Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri, Mədəniyyət və Turizm Nazirliyində Təsviri və dekorativ sənət sektorunun müdiri işləyib.
21 iyun 2022 – Musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının professoru Aida Nemət qızı Hüseynova (1964–2022) vəfat edib.
Hazırladı: Vüqar Orxan