Azərbaycan Dövlət Kukla Teatrı 10-16 iyun tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək II Beynəlxalq “DemmeniFest – 2025” Kukla Teatrları Festivalında iştirak edəcək.

Rusiyanın tanınmış kukla teatrı nəzəriyyəçisi və tarixçisi, rejissor, aktyor Yevgeni Sergeyeviç Demmeninin (1898–1969) adını daşıyan Sankt-Peterburq Dövlət Marionet Teatrının təşkil etdiyi növbəti festival II Dünya müharibəsində fazişm üzərində Qələbənin 80 illiyinə həsr edilib və “Dünya bizim əllərimizdədir” şüarı ilə keçirilir.

Teatrdan verilən məlumata görə, kuklaçılarımız festivala yeni tamaşa ilə qatılacaqlar.

“İnnab ağacı” adlı tamaşa iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlı sərkərdə, tank qoşunları general-mayoru Həzi Aslanova (1910–1945) həsr olunub.

Yazıçı-dramaturq Sevinc Nuruqızının eyniadlı pyesi əsasında rus dilində (tərcümə edən Elşadə Əzizova) səhnələşdirilən birhissəli kukla tamaşası “qara kabinet” üslubunda hazırlanıb.

Quruluş müəllifi teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov, quruluşçu rəssam teatrın baş rəssamı İqbal Əliyevdir.

Tamaşada Həzi Aslanovun həyat və döyüş yoluna nəzər salınıb, məktubları və haqqındakı xatirələr əsasında fərqli səhnə işi ərsəyə gətirilib.

Qəhrəmanların kukla obrazlarını teatrın rus bölməsinin aktyorları Rauf Babayev, Lina Məmmədova və Araz Həsənli təqdim edirlər.

Qeyd edək ki, “DemmeniFest – 2025”in proqramında ümumilikdə 8 kukla tamaşası yer alıb.

Azərbaycan Dövlət Kukla Teatrının bu festivalla səmərəli əməkdaşlığı var. Festival təşkilatçıları tədbirdə iştirak xərcini öz üzərlərinə götürüblər.