Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə keçirilən “Opera Günləri” layihəsinin növbəti tədbiri Milli Xalça Muzeyində olub.
Muzeydə Azərbaycanın görkəmli bəstəkarı Müslüm Maqomayevin (1885–1937) “Şah İsmayıl” operasından parçalar təqdim olunub.
Bəstəkarın 140 illiyinə həsr olunan konsert-tamaşa Əməkdar artistlər Təyyar Bayramov (Şah İsmayıl), Cahangir Qurbanov (Aslan şah), İlahə Əfəndiyeva (Gülzar), Arzu Əliyeva (Ərəbzəngi), Əliahməd İbrahimov (Əbu Həmzə), solist Mahir Tağızadə (Vəzir) çıxış ediblər. Onları tarda Əməkdar artist Elxan Mansurov müşayiət edib.
Tamaşanın rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xor rəhbəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeyster Roza Səlimovadır.
Opera və Balet Teatrının direktor müavini Əməkdar artist Ramil Qasımov mediaya açıqlamasında iyunun 6-da başlanan Opera Günlərinin uğurla davam etdiyini bildirib. Qeyd edib ki, layihənin ilk günündə Azərbaycan bəstəkarlıq məktəbinin və ilk milli operanın banisi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası (Heydər Əliyev Sarayı) nümayiş olunub. Növbəti gün Xalq artisti, Opera və Balet Teatrının direktoru Yusif Eyvazovun ustad dərsi (Beynəlxalq Muğam Mərkəzi) təşkil edilib: "Müslüm Maqomayevin “Şah İsmayıl” operasından təqdimat da bəstəkarın 140 illiyinə həsr olunub. Hesab edirəm ki, bu cür tədbirlər mədəniyyətimizin təbliği baxımından əhəmiyyət kəsb edir. Bugünkü tamaşanı izləyənlər arasında əcnəbi turistlər də var və bu bizi çox sevindirir".