Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) elmi-tədqiqat potensialını gücləndirmək və Azərbaycan elminin beynəlxalq nüfuzunu artırmaq istiqamətində ardıcıl və məqsədyönlü addımlar atmaqdadır.

AzMİU-dan bildirilib ki, bu istiqamətdə növbəti mühüm təşəbbüs Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) ilə birgə təşkil edilən onlayn görüş olub.

Universitetin rektoru professor Gülçöhrə Məmmədovanın təşəbbüsü və DAAB İdarə Heyətinin sədri, AzMİU rektorunun müşaviri professor Məsud Əfəndiyevin təşkilatçılığı ilə keçirilən görüşə universitetin elmi-tədqiqatla məşğul olan alimləri və xaricdə fəaliyyət göstərən azərbaycanlı elm adamları qatılıblar.

Görüş zamanı AzMİU-da elmi tədqiqat fəaliyyətini gücləndirmək, nüfuzlu, impakt faktorlu beynəlxalq elmi jurnallarda nəşrləri stimullaşdırmaq, xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlərlə AzMİU tədqiqatçıları arasında faydalı və davamlı əməkdaşlıq platforması formalaşdırmaq məqsədilə təkliflər səslənib.

Çıxışlar zamanı vurğulanıb ki, bu təşəbbüs AzMİU-nun tədqiqatyönümlü universitetə çevrilməsi strategiyasının uğurla həyata keçirildiyini bir daha nümayiş etdirir. AzMİU-nun malik olduğu elmi potensial, elmi əməkdaşlıq təşəbbüslərinə açıq yanaşması və innovativ tədqiqat mühitinin formalaşdırılması istiqamətində atdığı addımlar bu prosesin əsas hərəkətverici qüvvələrindəndir. Bildirilib ki, gələcəkdə də elmin inkişafı naminə həm yerli, həm də xarici alimlərlə əməkdaşlıq genişləndiriləcək, gənc tədqiqatçıların dəstəklənməsi və beynəlxalq elmi bazalarda təmsilçiliyin artırılması prioritet olaraq davam etdiriləcək.