Mayın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 36 nömrəli Uşaq musiqi məktəbinin dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib.

Konsert proqramı Gülarə Əliyeva adına 3 nömrəli Uşaq incəsənət məktəbində təqdim edilib.

Tədbirdə Azərbaycan milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin mədəniyyət tariximizdəki müstəsna rolundan, musiqi sənətimizin inkişafındakı misilsiz xidmətlərindən danışılıb.

Hesabat konserti 36 nömrəli Uşaq musiqi məktəbinin xor kollektivinin ifası ilə başlayıb.

Sonra şagirdlərin ifalarında Azərbaycan və xarici ölkə bəstəkarının əsərləri səslənib.

Məktəbin xanəndə ixtisası üzrə 3-cü sinif şagirdləri Şəhla Baqdayeva və İdris Əzizovun ifasında “Arazbarı” zərbi muğamı ilə konsert sona çatıb.