Tacikistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri (19–22 may) çərçivəsində bu ölkənin Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı guşəsi açılıb.

Mərasimdə Azərbaycanın mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Tacikistan Milli Kitabxanasının direktoru Farzalizada Cumaxon, eləcə də iki ölkənin Mədəniyyət nazirliklərinin nümayəndələri, elm, mədəniyyət və ictimaiyyət xadimləri, media mənsubları iştirak ediblər.

Azərbaycan guşəsində oxuculara 250-dən artıq nəşr təqdim edilir. Burada Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafına dair nəşrlər yer alıb.

***

Tədbir çərçivəsində həmçinin Tacikistanın və Azərbaycan Milli kitabxanaları arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Sənədi Tacikistan Milli Kitabxanasının direktoru Cumaxon Farzalizoda və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov imzalayıblar.

Memoranduma əsasən, iki ölkənin Milli kitabxanaları arasında qarşılıqlı fəaliyyət və kitab mübadiləsi həyata keçiriləcək. Eləcə də bu fəaliyyətin bir hissəsi kimi Tacikistanın və Azərbaycanın görkəmli şəxslərinin yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulub.