Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində daha bir konsert proqramı Danqara şəhərində təşkil olunub. 

Ölkənin cənub-qərbində yerləşən Danqara şəhəri eyniadlı rayonun inzibati mərkəzidir. Tacikistan Prezidenti Emoməli Rəhmon burada anadan olub.

Konsertdə Azərbaycanın Qədim Musiqi Alətləri Ansamblı çıxış edib.

Əvvəlcə Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov və Tacikistanın Danqara rayonunun icra başçısı (Hukumat sədri) Sijoydin Salomzoda çıxış edərək tamaşaçıları salamlayıblar.

Sonra Qədim Musiqi Alətləri Ansamblı rəngarəng proqram təqdim edib. Bir-birindən maraqlı musiqi nömrələri ilə zəngin proqram yerli tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla  qarşılanıb.