18 may – Beynəlxalq Muzeylər Günü ənənəvi olaraq bölgələrdə müxtəlif səpkili tədbirlər və layihələrlə qeyd edilib. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən bu il əlamətdar gün üçün müəyyən edilən "Sürətlə dəyişən icmalarda muzeylərin gələcəyi” mövzusu bölgələrdəki tədbirlərdə də nəzərə alınıb.

***

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində "Muzeylər maddi mənəvi xəzinəmizdir" adlı tədbir keçirilib.

Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə muzeylərin cəmiyyətin mədəni və elmi həyatındakı rolu, muzey işinin inkişaf perspektivləri barədə çıxışlar olub.

Çıxışlarda muzeylərin yalnız eksponatların nümayiş olunduğu və qorunduğu məkan deyil, eyni zamanda təhsil, tədqiqat və maarifləndirmə funksiyalarını yerinə yetirən mühüm mədəniyyət ocaqları olduğu vurğulanıb.

Tədbir Xaçmaz rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi Xudat bölməsinin şagirdlərinin ifasında musiqi nömrələri ilə davam edib.

***

Bərdə Tarix-Diyarşünaslıq Muzeyi, rayon Mədəniyyət Mərkəzi və Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbinin birgə təşkilatçılığı ilə “Tarixi keçmişimizi yaşadan muzeylər” adlı sərgi-tədbir və konsert keçirilib.

Çıxışlarda Beynəlxalq Muzeylər Gününün yaranma tarixi, muzeylərin tariximizi yaşadılması və gələcək nəsillərə ötürülməsində əhəmiyyətindən danışılıb.

Bədii hissədə rayon Mədəniyyət Mərkəzi, şəhər 1 nömrəli Uşaq incəsənət məktəbi və Y.Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbinin şagirdləri mahnı və rəqslər ifa ediblər.

***

Ağcabədi rayon MKS-nin Mərkəzi Kitabxanasında “Muzeylər milli sərvətimizdir” başlıqlı sərgi təşkil edilib.

Kitabxana əməkdaşları sərgi iştirakçılarına muzeylərimizin tarixi haqqında məlumat verib, Azərbaycanın Qobustan, Gəmiqaya kimi açıq səma altında yerləşən muzeylər ölkəsi olduğunu bildiriblər.

***

Qubadlı rayon Tarix-Diyarşünaslıq Muzeyində (Sumqayıt) “Heydər Əliyev və Azərbaycan muzeyləri” adlı tədbir keçirilib.

Çıxışlarda bildirilib ki, Azərbaycan muzeyləri milli-dəyərlərimizin, milli irsimizin və tariximizin mühafizəsini həyata keçirir və ideoloji məkan olaraq azərbaycançılıq məfkurəsini uğurla təbliğ edir. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, xüsusilə muzey işi sahəsində göstərdiyi əvəzsiz xidmətlərdən söz açılıb.

***

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin (RMİ) Beyləqan rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə "Muzeylər keçmişimizə səyahət, gələcəyimizə mirasdır" adlı tədbir keçirilib.

Çıxış edənlər Beynəlxalq Muzeylər Gününün təsis olunmasının tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verərək muzeylərin mədəni irsin qorunmasında və gələcək nəsillərə çatdırılmasında mühüm rolu olduğunu vurğulayıblar.

Tədbirin bədii hissəsində rayon Mədəniyyət Mərkəzinin və Niyazi adına Uşaq musiqi məktəbinin hazırladığı şən musiqi və rəngarəng rəqs nömrələri təqdim olunub.

***

Sabirabad rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və muzeylərimiz" adlı dəyirmi masa təşkil edilib.

Tədbirdə çıxış edən Mil-Muğan RMİ-nin rəisi Nadir Quliyev ölkəmizdə milli-mənəvi dəyərlərə, o cümlədən muzey işinə göstərilən dövlət qayğısından bəhs edib.

Mövzu ətrafında diskussiya formasında müzakirələr aparılıb.

Tədbirin sonunda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) Sabirabad komitəsi tərəfindən rayon Heydər Əliyev Mərkəzinə 20 illik yubileyi, Sabirabad Tarix-Diyarşünaslıq Muzeyinə 45 illik yubileyi, həmçinin Beynəlxalq Muzeylər Günü münasibətilə fəxri fərmanlar təqdim olunub.

***

Şirvan Tarix-Diyarşünaslıq Muzeyində “Dəmir dövrünün yadigarı-qədim xalq sənəti misgərlik” mövzusunda sərgi-tədbir keçirilib.

Gənclər, məktəblilər və mədəniyyət işçilərinin iştirak etdiyi tədbirdə muzeyin əsas fondunda qorunub saxlanan misgərlik nümunələri nümayiş olunub.

Tədbirin bədii hissəsində şeirlər səsləndirilib, şəhər Uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında mahnılar oxunub.

***

Salyan Tarix-Diyarşünaslıq Muzeyində “Muzey – zamanın səssiz şahidi" adlı tədbir keçirilib. Tədbir çərçivəsində muzeydə qorunan unikal eksponatlar haqqında məlumat verilib, “Tarix danışır” adlı tematik ekskursiya və sərgi təşkil olunub.

***

Salyan rayon Heydər Əliyev Mərkəzində isə "Ölkəmizdə muzey işinin inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır” adlı tədbir təşkil olunub.

Mövzu ilə bağlı videoçarx nümayiş olunub. Vurğulanıb ki, Ulu öndərin rəhbərliyi dövründə muzeylərin yaradılması, mövcud muzeylərin yenilənməsi və fəaliyyətinin genişləndirilməsi istiqamətində mühüm işlər görülüb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva mədəni irsin qorunması sahəsində Ulu öndərin siyasətini uğurla davam etdirirlər.

***

Beynəlxalq Muzeylər Günü münasibətilə Gəncə-Daşkəsən RMİ-nin təşkilatçılığı, idarənin tabeliyində olan muzeylərin iştirakı ilə Nizami Gəncəvi Muzeyində tədbir keçirilib.

Tədbirin əsas məqsədi muzeylərin cəmiyyətdəki rolunu təbliğ etmək, mədəni irsimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsində muzeylərin əhəmiyyətini vurğulamaq olub.

***

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı, MİHİ Masallı rayon komitəsinin dəstəyi ilə “Muzeylər, konstitusiya mədəniyyəti və milli suverenlik-tarix işığında” adlı tədbir keçirilib.

Əvvəlcə tədbirin mahiyyəti barədə geniş məlumat verilib.

Sonra Masallı Dövlət Regional Kollecinin tələbələri, onbirillik İncəsənət məktəbi, Kürdəbaz, Qarğalıq kənd yaradıcılıq evləri, Masallı şəhər 2 nömrəli və Hişkədərə kənd tam orta məktəbinin şagirdləri tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim olunub.

 

Hazırladı: N.Məmmədli