18 may Beynəlxalq Muzeylər Günüdür (International Museum Day). Əlamətdar gün 1977-ci ildə UNESCO yanında Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə təsis edilib. Hər il müxtəlif deviz və mövzularla qeyd olunur. 2025-ci ilin Beynəlxalq Muzeylər Günü üçün “Sürətlə dəyişən icmalarda muzeylərin gələcəyi” mövzusu seçilib. “Bu mövzu bizi muzeylərin mədəni kimliyin əsas bağlayıcıları, yenilikçiləri və idarəçiləri kimi rolunu yenidən təsəvvür etməyə dəvət edir”, – deyə ICOM-un bu barədə məlumatında vurğulanır.
Tarixdəki olaylar
18 may 1920 – Azərbaycan SSR Müvəqqəti İnqilab Komitəsi (hökumət) “Teatr, kino, muzey və foyelərin milliləşdirilməsi haqqında” dekret verib.
18 may 1990 – Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə respublikada yeni ərazi-inzibati vahidləri yaradılıb. Parlamentin qərarına əsasən, Ağstafa, Qobustan, Xızı, Hacıqabul, Samux, Siyəzən rayonları təşkil olunub.
18 may 1992 – Ermənistan silahlı qüvvələri Azərbaycanın Laçın rayonunu işğal ediblər. 28 ildən artıq işğal altında qalan Laçın rayonu 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq 2020-ci ilin 1 dekabrında azad edildi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
18 may 1048 – Fars (tacik) şairi, filosof, astronom və riyaziyyatçı Ömər Xəyyam (Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri; 1048 – 4.12.1131) anadan olub.
18 may 1869 – Ləzgi Xalq şairi, aşıq Süleyman Stalski (Həsənbəyov; 1869–1937) anadan olub.
18 may 1872 – İngilis filosofu, ictimai xadim, ədəbiyyat üzrə Nobel mükafatı (1950) laureatı Bertran Rassel (Bertrand Arthur William Russell; 1872 – 2.2.1970) anadan olub.
18 may 1906 – Filosof alim, professor Mehbalı Məhəmməd oğlu Qasımov (1906–1963) Naxçıvan MR Culfa rayonunun Xoşkeşin kəndində doğulub.
18 may 1933 – Ədəbiyyatşünas, biblioqraf, tərcüməçi Əmin Tahir oğlu Əfəndiyev (1933–2014) Qax rayonunun İlisu kəndində doğulub.
18 may 1968 – Əməkdar incəsənət xadimi, aşıq İslam Qara oğlu Yusifov (1893–1968) vəfat edib.
18 may 2010 – Tanınmış aktrisa Ofeliya Rza qızı Əfqanlı (Ofeliya Aslan; 27.1.1939 – 2010) vəfat edib.
Hazırladı: Vüqar Orxan