Üzeyir Hacıbəylinin Ev-Muzeyində görkəmli bəstəkar, Xalq artisti Rauf Hacıyevin (1922-1995) anadan olmasının 103-cü ildönümü (15 may) münasibətilə kitab təqdimatı keçirilib.

Muzeydən bildirilib ki, “Rauf Hacıyevi düşünərkən” adlı kitabın müəllifi musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Humay Fərəcova-Cabbarovadır.

Tədbirdə çıxış edən muzeyin direktoru Xalq artisti Sərdar Fərəcov Rauf Hacıyevin zəngin yaradıcılıq irsi, Azərbaycan musiqisindəki rolu və ölkənin mədəni həyatındakı əvəzsiz xidmətlərindən söhbət açıb. Bildirib ki, Üzeyir bəyin irsi Rauf Hacıyev kimi bəstəkarların formalaşmasında mühüm rol oynayıb.

Kitabın müəllifi Humay Fərəcova-Cabbarova nəşrin yazılması, ideyası barədə danışıb. O, Rauf Hacıyevin sənətinə duyduğu dərin ehtiramı və bu kitab vasitəsilə onun irsini gələcək nəsillərə çatdırmaq məqsədini vurğulayıb.

Musiqişünaslar – sənətşünaslıq üzrə fəlsəfə doktorları Zümrüd Dadaşzadə, Səadət Təhmirazqızı, Ülkər Talıbzadə, kitabın redaktoru Aytən Oqtayqızı, Azərbaycan Milli Konservatoriyasının professoru Akif Quliyev, bəstəkar Məmmədağa Umudov, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə, Xalq artisti Natəvan Şeyxova, bəstəkarın ailə üzvləri və digər şəxslər sənətkarla bağlı xatirələrini bölüşüblər.

Tədbirin bədii hissəsində Rauf Hacıyevin əsərləri səsləndirilib.