Azərbaycan Dövlət Kukla Teatrı növbəti festivala dəvət alıb. Kollektiv 20-26 may tarixlərində Qazaxıstanın Almatı şəhərində keçiriləcək “Orteke” VII Beynəlxalq Kukla Teatrları Festivalında təmsil olunacaq.
Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə reallaşan festival beynəlxalq teatr mühitində nüfuz qazanmış sənət yarışmasıdır. Nominasiyalı festivalda qaliblər “Ən yaxşı tamaşa”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı aktyor işi”, “Ən yaxşı rəssam işi” və “Ən yaxşı musiqi tərtibatı” üzrə təltif olunacaqlar.
Azərbaycan Dövlət Kukla Teatrı repertuarının ən baxımlı nümunələrindən olan “Melisa” tamaşasını “Orteke” festivalında təqdim edəcək.
Sevinc Nuruqızının eyniadlı nağıl-povesti əsasında hazırlanan tamaşanın səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Röya Hüseynovadır.
6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulan birhissəli tamaşada obrazları Səriyyə Mansurova, Aygül Ağayeva, Cavid Telman, Elgün Həmidov canlandırırlar.
Sonu nikbin bitən hüznlü, həsrət dolu hekayənin qəhrəmanı uşaqlara sevgini, sədaqəti, heç vaxt tükənməyən ümidi, inamı və ən əsası isə, güclü olmağı təlqin edən çəhrayı saçlı gəlincik Melisadır. İllər əvvəl sahibindən ayrı düşən, başına bir çox hadisələr gələn, keçən zamanda fərqli insanlar tanıyan Melisa ümidini itirmir, sahibinə qovuşacağı günü gözləyir. Sonda xoş təsadüf nəticəsində bu xəyalı gerçək olur.
Səhnə işinin əsas ideyası uşaqlara həyatın yalnız çəhrayı rəngdən ibarət olmadığını göstərməkdir. Melisa gəlincik olsa da, görür, hiss edir, düşünür, anlayır və anladır. Tamaşaçını inandırır ki, bu dünyanı sevgi xilas edə bilər...
Teatrın direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərliyi ilə 10 nəfərdən ibarət heyət festivalda Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə iştirak edəcək.
Qeyd edək ki, festivalın adını daşıyan “Orteke” Qazaxıstanın rəqs, kukla və musiqidən ibarət milli oyun-ifaçılıq sənətidir. “Orteke” sənəti 2022-ci ildə UNESCO-da “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na daxil edilib.