İsveçrənin Bazel şəhərinin ev sahibliyi etdiyi 69-cu “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı mayın 13-dən 14-nə keçən gecə keçirilib.

Azərbaycanı müsabiqədə təmsil edən "Mamagama" qrupu ilk yarımfinalda 10-cu nömrə altında iştirak edib. Qrup səhnəyə "Run with U" adlı mahnı ilə çıxıb. Mahnının sözləri Asəf Mişiyevə, musiqisi Asəf Mişiyev, Həsən Heydər və Roman Zilianevə aiddir.

Səsvermənin nəticələrinə görə, Azərbaycan təmsilçisi yarımfinalı adlaya bilməyib.

Birinci yarımfinalda mükafat uğrunda mübarizəni davam etdirəcək ilk 10 finalçı müəyyənləşib. Bunlar Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San Marino, Estoniya, Portuqaliya və Ukrayna təmsilçiləridir.

İkinci yarımfinal mayın 15-dən 16-na keçən gecə keçiriləcək və daha 10 finalçı bəlli olacaq.

Müsabiqənin final axşamı (17 may) yarışmaya yarımfinalları adlamış 20 ölkə ilə yanaşı ev sahibi İsveçrə və “Avroviziya”nın təsisçi ölkələri olan “böyük beşlik” – Almaniya, Fransa, İtaliya, İspaniya və Böyük Britaniya qoşulacaq.