Fransanın Kann şəhəri növbəti kinofestivala ev sahibliyi edir. Dünyanın ən nüfuzlu kino müsabiqələrindən biri sayılan Kann Film Festivalı bu il 78-ci dəfə keçirilir.

Mayın 13-də başlayan və ayın 24-dək davam edəcək festivalın əsas müsabiqə proqramında baş mükafat – “Qızıl palma budağı” uğrunda 21 film yarışır.

Filmləri fransalı aktrisa Jülyet Binoşun sədrlik edəcəyi münsiflər heyəti qiymətləndirəcək. Heyətə amerikalı aktrisa və rejissor Halle Berri, hindistanlı rejissor və ssenarist Payal Kapadia, italyan aktrisa Alba Rohvaşer, fransız-mərakeşli yazıçı Leyla Slimani, konqolu rejissor və prodüser Honq Sanqsu, meksikalı rejissor və ssenarist Karlos Reyqadas, amerikalı aktyor Jeremi Stronq daxildir.

78-ci Kann Film Festivalının fəxri “Qızıl palma budağı”nın sahibi isə günlər öncədən bəlli idi.

Bu il təşkilatçıların qərarı ilə dünya kinosuna verdiyi töhfələrə görə mükafata amerikalı aktyor, 100-dən çox filmdə yaddaqalan obraz yaratmış 82 yaşlı Robert De Niro layiq görülüb. Kinoda özünü rejissor kimi də sınamış Robert De Niro 2011-ci ildə Kann festivalının münsiflər heyətinin sədri olmuşdu.

Fəxri “Qızıl palma budağı” festivalın ikinci günün, mayın 14-də amerikalı kino əfsanəsinə təqdim edilib.

Xatırladaq ki, ötən il də festivalın fəxri “Qızıl palma budağı”na dünya kinosunun iki amerikalı məşhuru – rejissorlar Frensis Ford Koppola və Corc Lukas layiq görülmüşdü.

V.Orxan