Mayın 19-da saat 16:00-da Azərbaycan Milli İncəsənət Muzeyində Belarus Respublikasının “Nesvij” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun “Nesvij: dünya mədəniyyətinin irsi” adlı sərgisi açılacaq.

Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Belarus Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Milli İncəsənət Muzeyi və “Nesvij” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun birgə təşkilatçılığı ilə keçiriləcək.

23 planşetin yer alacağı ekspozisiyada muzey-qoruğun yerləşdiyi XVI-XVIII əsrlərə aid Nesvij qəsrinin eksteryer və interyer təsvirləri, həmçinin ekspozisiya zallarının fotoları, eləcə də videoçarx nümayiş etdiriləcək.

Böyük Litva Knyazlığının zəngin ailəsi olmuş Radzivillərin iqamətgahı kimi xidmət göstərmiş Nesvij qəsrində intibah gözəlliyinin, barokko dinamikasının və klassisizm nizamının mükəmməl vəhdəti izlənilir. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş bu memarlıq abidəsi özündə qəsrlə yanaşı, qəsr istehkamlarını və böyük park ansamblını birləşdirir...

İyunun 15-dək davam edəcək sərgi çərçivəsində ziyarətçilər üçün interaktiv ünsiyyətə əsaslanan “Saray ziyafətlərinin ənənələri” adlı ekskursiya da təşkil olunacaq. 

 

Nurəddin