Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə IX “Muğam” Televiziya Müsabiqəsinə start verilib. Müsabiqənin açılış mərasimi mayın 13-də Beynəlxalq Muğam Mərkəzində olub.
Bu dəfə müsabiqədə iki yaş qrupunda 30 ifaçı yarışır. Onlardan 10 nəfər 8-16 yaş qrupu, 20 nəfər isə 16-30 yaş qrupu üzrə müsabiqəyə qatılıb. Müsabiqə iştirakçıları Bakıda və bölgələrdə keçirilən dinləmələr əsasında seçiliblər.
Müsabiqənin münsiflər heyətində Xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Səkinə İsmayılova, Sərdar Fərəcov, Vamiq Məmmədəliyev və Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi yer alıb.
Xalq artisti, xanəndə Mənsum İbrahimov bildirib ki, müsabiqə ilə bağlı üç ay ərzində bölgələrə səfərlər təşkil olunub və istedadlı yeniyetmə və gənc ifaçılar seçilib: "Düşünürəm ki, çoxlu yeni və maraqlı səslər kəşf etmişik. Bu həm bizi, həm də xalqımızı sevindirəcək. Muğamımıza yeni nəfəs gəlir, bu da onun inkişafına böyük töhfə verir".
Xalq artisti Vamiq Məmmədəliyev isə bu il müsabiqənin 20 illiyinin tamam olduğunu qeyd edərək bildirib ki, ötən illər ərzində müsabiqə sayəsində çox sayda istedadlı ifaçılar yetişib və muğam sənətimizin layiqli təmsilçilərinə çevriliblər.
“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva mədəniyyətimizə və ən əsası muğamımıza böyük diqqət ayırır. Muğam Azərbaycan xalqının əsas musiqisidir”, – deyə o əlavə edib.
Gecənin aparıcıları Mümtaz Xəlilzadə və Xədicə Sənanqızı diqqətə çatdırıblar ki, budəfəki müsabiqənin 30 finalçısı ölkə üzrə 200 namizəd arasından seçilib. İfaçılıq yarış həftədə iki dəfə – çərşənbə axşamı və cümə axşamları Azərbaycan Televiziyasının və “Mədəniyyət” TV-nin canlı efirində yayımlanacaq. Əvvəl yeniyetmələrin, sonra isə gənclərin yarışması baş tutacaq və hər kateqoriya üzrə qaliblər müəyyən olunacaq.
Mərasimdə Prezident İlham Əliyevin mayın 10-da Ağdam Muğam Mərkəzinin açılışında səsləndirdiyi dəyərli fikirləri əks etdirən videoçarx da təqdim olunub.
Yarışmanın ilk günü 13 müsabiqə iştirakçısı öz məharətini göstərib. Münsiflər heyəti hər bir çıxışı diqqətlə təhlil etdikdən sonra onları 10 ballıq sistem üzrə qiymətləndirib. Müsabiqənin 15 həftə ərzində keçirilməsi planlaşdırılır.
İştirakçılar klassik və müasir Azərbaycan şairlərinin qəzəllərini muğam şöbələri üzrə səsləndirir, həmçinin xalq mahnıları, təsniflər və zərb-muğamları ifa edirlər.
Avqust ayının sonunda IX “Muğam” Televiziya Müsabiqəsinin final konsertinin keçirilməsi və qaliblərin mükafatlandırılması nəzərdə tutulub.
Qeyd edək ki, “Muğam” Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə realaşan muğam müsabiqələri gənc ifaçıların yaradıcılıq potensialının üzə çıxarılmasına, xalq musiqisinin yaşadılaraq yeni nəsillərə ötürülməsinə və Azərbaycanın muğam sənətinin beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfə verib.