Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq İlqar Fəhminin "Şahnamə" pyesi əsasında hazırlanan “Şah Abbas namə” adlı tamaşanın səhnə məşqləri yekunlaşmaq üzrədir.

Teatrdan bildirilib ki, Səfəvi-Qızılbaş imperiyasının yüksəliş dövrünə həsr olunan ikihissəli tarixi drama Əməkdar artist Nicat Kazımov quruluş verir. Quruluşçu rəssam Mustafa Mustafayev, bəstəkar Azər Hacıələsgərli, rejissor Səbinə Məmmədzadə, rejissor assisenti Fuad Cavadzadədir.

Tamaşada Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Nicat Kazımov, Elnur Kərimov, Nofəl Vəliyev, Elnur Hüseynov, Rasim Cəfər, aktyorlar Sənan Kazımlı, Niyaz Qasımov, Mətləb Abuşov, Kərəm Hadızadə, Aydın Dəmirov, Anar Seyfullayev, Ceyhun Məmmədov, Elşən Hacıbabayev, Ramil Məmmədov, Vahid Orucoğlu, Elşən Şıxəliyev, Manaf Dadaşov, Rəşad Səfərov, Elgün Yəhyayev, Anar Səfiyev, İlhan Sadıqov, Nurlan Süleymanlı, Hüseyn Bayramov, Ramiq Nəsirov, Tahir İsmayılov, Vüqar Məmmədəliyev, Xaliq Bəkirov, Hilal Dəmirov, Eldar İmanov, Yaşar Heydərli, Səbinə Məmmədzadə, Xalidə Əlməmmədova iştirak edirlər.

Səhnə əsəri Səfəvi imperiyasının hərbi, iqtisadi və siyasi baxımdan zirvədə olduğu dövrdə 16 yaşlı Şah Abbasın hakimiyyətə gəlişindən, ölkə sərhədlərini genişləndirmək, ərazi bütövlüyünü qorumaq uğrunda apardığı döyüşlərdən, saraydaxili qanlı toqquşmalardan bəhs edir. Tarixin ən parlaq və ziddiyyətli fiqurlarından olan Şah Abbas ömrünün son günlərində belə hakimiyyətin və ölkənin taleyi naminə soyuqqanlı, amansız qərarlar qəbul etməkdən çəkinmir.

"Şah Abbas namə" tamaşasının premyerası 21-22 iyun tarixlərinə nəzərdə tutulub.