Tarixdəki olaylar
11 may 1917 – Moskvada Ümumrusiya Müsəlmanlarının I Qurultayı (1-11 may) başa çatıb. Qurultayın yekun sənədləri sırasında Məhəmməd Əmin Rəsulzadənin hazırladığı qətnamə layihəsi qəbul olunub. Qətnamədə Rusiyanın demokratik federativ respublikaya çevrilməsi, milli bölgələrə muxtariyyətin verilməsi əksini tapmışdı. Qurultayda imperiyanın bütün bölgələrini təmsil edən 800-dək nümayəndə iştirak edirdi. Rəyasət heyətində azərbaycanlı Əlimərdan bəy Topçubaşov da yer almışdı. Qurultayda Ümumrusiya Müsəlmanlarının Mərkəzi Şurasının yaradılması barədə qərar da qəbul olunub.
11 may 1927 – Amerika Kino Akademiyası (Kino Sənətləri və Elmləri Akademiyası – Academy of Motion Picture Arts and Sciences) yaradılıb. 1929-cu ildən “Oskar” kino mükafatlarını təqdim edir.
11 may 1939 – Uzaq Şərqdə Xalxin-Qol çayı üzərində sovet-monqol və yapon qoşunları arasında döyüşlər başlayıb. Müharibəyə səbəb Yaponiya qüvvələrinin Monqolustanın SSRİ ilə sərhəd bölgələrinə hücumu olmuşdu. Üç aydan çox davam edən döyüşlərdən sonra, avqustun 31-də Yaponiya qüvvələri Monqolustan ərazisini tərk etməli oldular. Yaponiya ilə bağlanan sülh 1941–1945-ci illər müharibəsi dövründə SSRİ-ni Şərq cəbhəsi sarıdan nisbətən arxayın etmişdi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
11 may 1904 – İspan rəssamı Salvador Dali (Salvador Felipe Jacinto Dali; 1904 – 23.1.1989) anadan olub. Təsviri sənətdə sürrealizimin banilərindən biridir.
11 may 1915 – Azərbaycanın Xalq rəssamı, görkəmli heykəltaraş Fuad Həsən oğlu Əbdürrəhmanov (1915 – 15.6.1971) Şəkidə anadan olub. Nizami Gəncəvinin (Bakıda və Gəncədə), Səməd Vurğunun abidələrinin, “Azad qadın” heykəlinin müəllifidir.
11 may 1916 – İspan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1989) laureatı Kamilo Xose Sela (Camilo Jose Cela; 1916–2002) anadan olub. “Paskual Duartenin ailəsi”, “Arı şanı”, “Apelsinlər qış meyvələridir” və s. romanların müəllifidir.
11 may 1920 – Türkiyəli qəzetçi-yazar, dramaturq, ssenarist Fatma Nezihe Araz (1920 – 25.7.2009) anadan olub.
11 may 1928 – Əməkdar mədəniyyət işçisi, aktyor, kino təşkilatçısı Nəriman Qulam oğlu Axundov (1928–2009) anadan olub. 1958-ci ildən “Azərbaycanfilm” kinostudiyasında müxtəlif vəzifələrdə çalışıb.
11 may 1935 – Xalq yazıçısı Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov (1935 – 22.3.2016) anadan olub. Bir sıra əsərləri (“Mezozoy əhvalatı”, ”Bayquş gələndə”) ekranlaşdırılıb. “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi” və s. filmlərin ssenari müəllifidir. Milli Məclisin deputatı (1995-2010) olub.
11 may 1946 – Əməkdar rəssam Nazim Şamil oğlu Rəhmanov (1946–2003) anadan olub. 1989-cu ildə Xəzəryanı ölkələrin Bakı biennalesində I mükafata layiq görülüb. Əsərləri Moskva Şərq Xalqları İncəsənəti Muzeyində, şəxsi kolleksiyalarda saxlanılır.
11 may 2022 – Əməkdar incəsənət xadimi, rejissor, ssenarist, sənədli filmlər müəllifi Musa Ağabəy oğlu Bağırov (10.5.1932 – 2022) vəfat edib.
Hazırladı: Vüqar Orxan