Tarixdəki olaylar
14 may 1805 – Rusiya-İran müharibəsi (1804–1813) gedişində birinci Kürəkçay (indiki Goranboy rayonu ərazisi) müqaviləsi bağlanıb. Qarabağ xanlığı Rusiya imperiyasına birləşdirilib. Çar Rusiyasının Qafqaz qoşunlarının komandanı general Pavel Sisianov və Qarabağ xanı İbrahimxəlil xan tərəfindən imzalanan müqavilədə xan ailəsinə varislik əsasında yerli hakimiyyət vəd edilmişdi. Lakin bir il sonra (1806) İbrahimxəlil xan ailəsi ilə birlikdə rus hərbçiləri tərəfindən qətlə yetirildi, Qarabağ xanlığı isə 1822-ci ilədək formal mövcud olduqdan sonra ləğv edildi.
14 may 1948 – İsrail Dövləti yaranıb. BMT-nin 1947-ci ildə qəbul etdiyi 181 saylı qətnaməyə görə, Fələstin üzərində Britaniyanın protektoratlığı ləğv ediləndən sonra orada iki dövlət – yəhudi və ərəb dövlətləri yaranmalı idi. Lakin Britaniya qoşunları çıxan gün Ben Qurionun sədrliyi ilə Yəhudi Milli Şurası birtərəfli qaydada İsrail Dövlətinin yarandığını elan etdi. Buna etiraz edən Misir, İordaniya, Suriya və İraq İsrailə qarşı müharibəyə başladılar.
14 may 1954 – Haaqada (Niderland) keçirilən BMT konfransında “Hərbi konfliktlər zamanı mədəni abidələrin qorunması haqqında” beynəlxalq konvensiya imzalanıb.
14 may 1992 – Azərbaycanda birgünlük hakimiyyət dəyişikliyi baş verib. 6 mart 1992-ci il tarixdə Ali Sovetin növbədənkənar sessiyasında prezident postundan istefa vermiş Ayaz Mütəllibov vəzifəsinə qaytarılıb. Xocalı hadisələrini araşdıran deputat komissiyası A.Mütəllibovun günahkar olmadığı qənaətinə gələndən sonra parlament onun prezidentliyini bərpa edib. Lakin bu “qayıdış” bir gün sürdü və 15 mayda Xalq Cəbhəsi hakimiyyəti ələ keçirdi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
14 may 1265 – İtalyan şairi Dante Aligeri (1265 – 14.9.1321) anadan olub. Bəzi mənbələrdə təvəllüdü 30 may göstərilir. İntibah ədəbiyyatının şah əsərlərindən olan “İlahi komediya” poemasının müəllifidir.
14 may 1906 – Azərbaycanın Əməkdar artisti, opera müğənnisi Şirzad Abasəli oğlu Berqman (Hüseynov; 1906 – 10.5.1971) Bakıda anadan olub.
14 may 1937 – Əməkdar incəsənət xadimi, rəssam, qrafika ustası Elmas Mirmehdi oğlu Hüseynov (1937 – 6.12.2013) Bakıda anadan olub.
14 may 1985 – Xalq artisti, məşhur tarzən Bəhram Məşədi Süleyman oğlu Mansurov (12.2.1911 – 1985) vəfat edib. 1932-ci ildən Dövlət Opera və Balet Teatrının solisti və konsertmeysteri olub.
Hazırladı: Vüqar Orxan