Tarixdəki olaylar

 

7 may 1875  Rusiya ilə Yaponiya arasında ərazi mübadiləsi haqqında saziş imzalanıb. Rusiya Kuril adalarını Yaponiyaya güzəştə gedib. Əvəzində Yaponiya Saxalin adasına iddiasından əl çəkib.

 

7 may 1920 – Azərbaycanın bolşevik hökuməti (Müvəqqəti İnqilab Komitəsi) ordunun və donanmanın yenidən təşkil edilməsi barədə dekret verib. Qərarın icrası milli zabit kadrlarına qarşı repressiyalarla müşayiət olunurdu. Sovetləşən Azərbaycanın ordu və donanması formal olaraq 1922-ci ilədək mövcud oldu və SSRİ-nin yaranması ilə Sovet Ordusunun Qafqaz Hərbi Dairəsinin tərkibinə qatıldı.

 

7 may 1938 – Azərbaycan SSR Ali Soveti yerli əhalinin etirazına baxmayaraq Laçın, Qubadlı, Kəlbəcər və Qazax rayonlarının sərhədyanı ərazilərindən ümumilikdə 2 min hektar (20 kvadrat kilometr) torpaq sahəsinin Ermənistan SSR-ə verilməsi haqqında qərar qəbul edib. Bununla belə, qərar həyata keçmədi. 31 il sonra, 1969-cu il mayın 7-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti onu yenidən təsdiq etsə də, həmin il respublika rəhbərliyinə gələn Heydər Əliyev qərarın icrasının qarşısını aldı.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

7 may 1833 – Alman bəstəkarı, pianoçu və dirijoru Johannes Brahms (1833 – 3.4.1897) anadan olub. Əsərləri: “Alman rekviyemi”, “Macar rəqsləri” və s.

 

7 may 1840 – Rus bəstəkarı Pyotr İliç Çaykovski (1840 – 6.11.1893) anadan olub. 10 operanın (“Yevgeni Onegin”, “Orleanlı qız”, “Qaratoxmaq qadın” və s.), 3 baletin (“Qu gölü”, “Yatmış gözəl”, “Şelkunçik”), simfoniyaların müəllifidir.

 

7 may 1861 – Hind şairi, yazıçı, filosof, bəstəkar, ədəbiyyat üzrə Nobel mükafatı (1913) laureatı Rabindranat Taqor (Rabindranath Tagore; 1861 – 7.8.1941) anadan olub.

 

7 may 1926 – Əməkdar rəssam Cəbrayıl Əlimuxtar oğlu Əzimov (1926 – 10.7.1969) Bakıda doğulub. “O olmasın, bu olsun” (Nadir Zeynalovla birgə), “Leyli və Məcnun” , “Qızmar günəş altında”, “Qanun naminə” və s. filmlərin quruluşçu rəssamı olub.

 

7 may 1953 – Türkiyə müğənnisi, bəstəkar Müslüm Gursəs (1953 – 3.3.2013) Şanlıurfada doğulub.

 

7 may 1954 – Əməkdar incəsənət xadimi Vaqif İsa oğlu Ağayev (1954–2011) Abşeron rayonunda anadan olub. 1972-ci ildən Azərbaycan Televiziyasında çalışıb.

 

7 may 1957 – Xalq artisti, teatr rejissoru İranə Tofiq qızı Tağızadə (1957 – 9.4.2023) anadan olub. Akademik Rus Dram Teatrında quruluşçu rejissor işləyib, Akademik Milli Dram Teatrında tamaşalara quruluş verib.

 

7 may 1998 – Tanınmış kinorejissor, operator, Xalq artisti Muxtar Baba oğlu Dadaşov (11.9.1913 – 1998) vəfat edib. “Qanun naminə”, “Bakıda küləklər əsir” və s. filmlərə quruluş verib. Sənədli və bədii filmlərin (“Yeni horizont”, “Arşın mal alan”) operatoru olub.

 

7 may 2021 – Xalq şairi Musa Səfiməmməd oğlu Yaqub (10.5.1937 – 2021) vəfat edib. “Ürəyimdə yerin qaldı”, “Ruhumla söhbət”, “Dövrün dəyirmanı” və s. kitabların müəllifidir. Milli Məclisin deputatı (1995–2000) olub.

 

7 may 2021 – Xalq artisti, aktyor Arif Əli oğlu Quliyev (16.5.1950 – 2021) vəfat edib. Musiqili Komediya, Milli Dram, İrəvan  teatrlarında işləyib. Filmlərdə, televiziya tamaşalarında maraqlı rollar oynayıb.

Hazırladı: Vüqar Orxan