3 may Türkçülük Günüdür. Tarixi Türkiyədə milliyyətçi ideyalara görə həbs olunan bir qrup aydının 1945-ci ilin 3 mayında həbsxanada keçirdiyi aksiya ilə bağlıdır. Ötən əsrin 50-ci illərindən Türkçülük Günü qeyd olunmağa başlanıb.

 

3 may Beynəlxalq Söz və Mətbuat Azadlığı Günüdür. 1991-ci il mayın 3-də Namibiyada keçirilən beynəlxalq forumda dünya dövlətlərini mətbuat azadlığını təmin etməyə çağıran “Vikhduk Bəyannaməsi” imzalanıb. 1993-cü ildə BMT Baş Assambleyasının qətnaməsi ilə bu gün təsis olunub.

 

Tarixdəki olaylar

 

3 may 1920 – Sovet hakimiyyəti Azərbaycanın bütün ərazisinə yayılmağa başlayıb. Müvəqqəti İnqilab Komitəsi yerlərdə qəza, mahal və kənd inqilab komitələrinin yaradılması barədə dekret verib. 

 

3 may 1995 – Türkiyənin xarici işlər naziri Ərdal İnönünün Bakıya səfəri gedişində qardaş ölkənin yardımı ilə Azərbaycan Milli Elmlər Akademiyasında ilk internet şəbəkəsi istifadəyə verilib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

3 may 1857 – Yazıçı, tərcüməçi, teatrşünas Əsgər ağa Haqverdi bəy oğlu Gorani (Adıgözəlov; 1857–1910) Goranboy rayonunun Goran-Boyəhmədli kəndində doğulub. 1873-cü il martın 10-da milli peşəkar teatrın əsasını qoyan “Lənkəran xanının vəziri” tamaşasında baş rolu (Teymur ağa) oynayıb. “Qara yel” romanının müəllifidir.

 

3 may 1910 – Rus şairi, yazıçı Olqa Berqols (1910–1975) anadan olub. 1941–1945-ci illər müharibəsində blokadada qalan Leninqradda fədakar yaradıcılıqla məşğul olub, “Leninqrad poeması”nı yazıb.

 

3 may 1933 – Nəfəs alətlərində (klarnet, balaban, ney) virtuoz ifaçı Ələkbər Əsgərov (1933 – 29.8.1995) Bakıda doğulub. “Dügah” folklor instrumental ansamblının yaradıcısı olub.

 

3 may 1938 – Xalq artisti Kamal Ağahüseyn oğlu Xudaverdiyev (1938 – 23.4.2008) Bakıda doğulub. Akademik Dram Teatrında çalışıb. “Atayevlər ailəsi”, “Alov” teletamaşalarında, “Dağlarda döyüş”, “Nəsimi” və s. filmlərdə yaddaqalan rollar oynayıb.

 

3 may 1940 – Xalq artisti, rejissor Zülfüqar Qulu oğlu Abbasov (1940 – 1.4.2022) Gürcüstanda, Borçalı bölgəsinin Yuxarı Saral kəndində anadan olub. Qazax Dram Teatrında işləyib, Mingəçevir Dram Teatrının baş rejissoru və direktoru olub.

Hazırladı: Vüqar Orxan