Tarixdəki olaylar
2 may 1868 – Çar Rusiyası qoşunları Səmərqəndə daxil olublar. İndiki Özbəkistanın bir hissəsi Rusiya imperiyasına birləşdirilib.
2 may 1992 – Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəl müstəqil Azərbaycana ilk səfərə gəlib. Orta Asiya respublikalarına səfərdən sonra Bakıya gələn Süleyman Dəmirəl Prezident səlahiyyətlərinin icraçısı Yaqub Məmmədovla görüşüb. Azərbaycan və Türkiyə arasında iqtisadiyyat və nəqliyyat sahəsində sazişlər imzalanıb. Türkiyənin Baş naziri həmçinin Naxçıvana zəng edərək muxtar respublika Ali Məclisinin sədri Heydər Əliyevlə fikir mübadiləsi aparıb.
2 may 2008 – Cənub-şərqi Asiya dövləti Myanmada tarixin ən fəlakətli qasırğalarından biri baş verib. “Nargis” adı verilən qasırğa ölkədə 80 minə yaxın insanın həyatına son qoyub.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
2 may 1903 – Özbək kinosunun yaradıcılarından biri, SSRİ Xalq artisti Kamil Yarmatov (1903–1959) anadan olub. “Əlişir Nəvai”, “İbn Sina” filmlərinə quruluş verib.
2 may 1911 – Tacikistanın Xalq şairi Mirzo Tursunzadə (1911–1977) anadan olub. Əsərlərini tacik və rus dillərində yazıb.
2 may 1913 – Əməkdar artist Məmməd Əhməd oğlu Sadıqov (1913 – 28.5.1987) Bakıda doğulub. Akademik Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.
2 may 1916 – Əməkdar artist Ətayə Qulam qızı Əliyeva (1916 – 6.4.1995) Aşqabadda anadan olub. 1934-cü ildə Bakıya gələrək Teatr Texnikumuna daxil olub. İrəvan, Gəncə teatrlarında, Akademik Dram Teatrında çıxış edib. Çəkildiyi filmlər: “Onu bağışlamaq olarmı?”, “Bizim küçə” və s.
2 may 1916 – Əməkdar artist Mənsurə Vahab qızı Cəfərova (1916 – 20.3.1997) Bakıda doğulub. Gəncə Dövlət Dram Teatrının aktrisası olub.
2 may 1927 – Azərbaycanın ilk peşəkar hərbi dirijoru, sənətşünaslıq namizədi Niyazi Əhməd oğlu Kərimov (1927–2003) Qəbələ şəhərində anadan olub.
2 may 1929 – Dilçi və ədəbiyyatşünas, Əməkdar elm xadimi Yusif Mirəhməd oğlu Seyidov (1929–2013) Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində anadan olub.
2 may 1939 – Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Fərzulla oğlu Zöhrabov (1939 – 24.4.2017) Bakıda doğulub. Muğamların tarixi və nəzəri problemlərinə dair kitabların müəllifidir. Azərbaycan Bəstəkarlar İttifaqının katibi olub.
Hazırladı: Vüqar Orxan