Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Nəsildən-nəslə teatr” layihəsi uğurla davam edir.

Mərkəzdən bildirilib ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dəstəyi ilə teatrın kiçik səhnəsində layihə çərçivəsində aprelin 29-da təşkil olunmuş tematik seminarın “Teatr pedaqogikası: istedad, yoxsa elm?” adlı paneli keçirilib. Panelin qonağı Əməkdar artist, rejissor, aktyor Nicat Kazımov olub.

Seminarı MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov açaraq layihənin nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla Azərbaycanda teatr prosesinin inkişafına töhfə vermək, gənclərlə mütəxəssislər arasında sənət müzakirələrinin təşkili, bu sahəyə diqqətin artırılması, gənclərin iştirakı ilə aktiv yaradıcı mühitin formalaşdırılması məqsədini daşıdığını bildirib.

Nicat Kazımov teatr pedaqogikasının nəzəri və praktiki əsasları, teatr təhsilində ənənə və müasirlik, müxtəliflik, yeni yaradıcı tendensiyalar kimi mövzulardan söhbət açaraq auditoriya ilə fikir mübadiləsi aparıb.

Mərkəzin əməkdaşı, teatrşünas Dağlar Yusifin moderatorluğu ilə keçirilən seminarın sonunda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, bundan əvvəl Gəncə Dövlət Milli Dram Teatrında layihənin “Aktyorluq: min maskalı qəhrəmanın səyahəti” adlı seminarı görkəmli səhnə xadimi, Xalq artisti Nurəddin Mehdixanlının iştirakı ilə gerçəkləşib.