Beynəlxalq Muğam Mərkəzində (BMM) “Muğam mühazirələri”nin “Zabul segah”a həsr olunan konserti keçirilib.
Mərkəzdən bildirilib ki, “Azərbaycan muğamı” adlı layihə çərçivəsində reallaşan gecə tanınmış xanəndə, pedaqoq, Əməkdar incəsənət xadimi Aqil Məlikov aparıcılığı ilə təqdim olunub.
Muğam konserti şəklində təşkil olunan ədəbi-bədii gecədə “Zabul segah”ın ifaçılıq xüsusiyyətləri, şöbələrdə qəzəllərin bölünməsi, rəng və təsniflər haqqında muğam ustasının maraqlı və diqqətçəkən söhbət və fikirlərini gecə boyunca BMM-in solistləri Nisbət Sədrayeva, Günay İmamverdiyeva, xanəndələr Elbrus Niftəliyev və Vüqar Əbilovun ifaları əvəzləyib.
Xanəndələr mühazirəni əyani şəkildə öz ifaları ilə tamaşaçılara nümayiş etdiriblər.
Layihənin məzmununa uyğun olaraq, Aqil Məlikovun səhnədə muğam və qəzəlin bir-biri ilə bədii-estetik, lirik-emosional bağlılığı, qəzəllərin məzmunu, obrazlılığı, muğam musiqisinə təsiri mövzusunda çıxışı yüksək ifaçılıqla təqdim olunub. Qəzəl janrının muğam ifaçılığında əhəmiyyətindən danışan Aqil Məlikovun arabir xanəndələrə qoşularaq bərabər ifa etməsi tamaşaçıların böyük alqışları ilə qarşılanıb.
Muğam sənətimizin təbliğinə yönələn və maarifləndirici xarakter daşıyan konsert-mühazirədə xanəndələri tarzən Kamal Nuriyevin rəhbərliyi ilə BMM-in solistlərindən ibarət instrumental heyət müşayiət edib.