
Avstriyanın paytaxtı Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində gənc musiqiçilər Xədicə Cahangirova (fortepiano) və Surə Rüfət Həsənli (skripka) klassik konsert proqramı ilə çıxış ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə baş tutan konsert görkəmli bəstəkar Üzeyir Hacıbəylinin (1885-1948) 140 illik yubileyinə həsr olunub.
Bildirilib ki, konsert Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində ərsəyə gəlib və bu layihənin məqsədi gənc istedadları aşkara çıxarmaq, onlara həm Azərbaycanda, həm də xaricdə səhnə imkanı yaratmaq və peşəkar musiqiçi kimi yetişmələrini dəstəkləməkdir.
Dövlət Himnimiz səsləndirildikdən sonra gənc ifaçılar səhnəyə çıxıblar. Onlar Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini böyük həvəslə ifa ediblər.