Bakı, 1 may. Bu səhər nədən başlayır? Şəhərin oyanması, günəşin doğması iləmi? Yox, bu səhər körpə çöhrələrindəki təbəssümdən işıq alır, təzə-tər çiçəklərdən rəng. Günəş, bahar, sülh, əmək insanın əzəli arzusu olub. Yaşından, dərisinin rəngindən, milliyyətindən, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün insanların. Görəsən, bu may səhəri həmin sözlər neçə dildə səslənir?

Bu sətirlər 1989-cu ildə Bakıda keçirilən 1 May nümayişi haqqında "Kommunist" qəzetinin (indiki “Xalq qəzeti”) reportajındandır.

Qəzetin 3 may tarixli sayında dərc olunan “Sevinən Bakı, şənlənən Bakı” başlıqlı geniş reportaj (müxbirlər Elman Qədirov, Qüdrət Piriyev) dövrün ən böyük bayramlarından birinə – Zəhmətkeşlərin beynəlxalq həmrəyliyi gününə həsr edilmişdi. Üstəlik, bu, Sovet İttifaqında iki gün (1-2 may) qeyri-iş (istirahət) günü olan yeganə bayram idi...

Bayramın tarixi isə XIX əsrin ikinci yarısına gedib çıxır. Bu, dünyanın sənaye mərkəzlərində – Şimali Amerikanın, Qərbi Avropanın iri şəhərlərində fəhlələrin “8 saatlıq iş günü” tələbi ilə meydanlara çıxdığı dövr idi. 1 may 1886-cı ildə Çikaqodakı yürüşə 80 min fəhlə çıxmış, sonra meydana gələn toqquşmada fəhlələrdən ölənlər olmuşdu.

1 may 1889-cu ildə II İnternasionalın (sosialist fəhlə partiyalarının beynəlxalq birliyi) Parisdə keçirilən konqresində bu tarixin həmin güllələnən fəhlələrin xatirəsinə ithaf olaraq “işçi həmrəyliyi günü” kimi qeyd edilməsi qərara alındı.

XIX əsrin 90-cı illərində işçi hərəkatı və may nümayişləri keçmiş Rusiya imperiyasının sənaye şəhərlərində, o cümlədən XX əsrin ilk illərində Bakıda da vüsət almışdı.

Sovetləşmədən sonra 1 May rəsmi bayram (əvvəlcə “İnternasional günü”, sonra “Zəhmətkeşlərin beynəlxalq həmrəyliyi günü”) oldu. 1928-ci ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə zəhmətkeşlərə daha bir istirahət günü verildi və 2 may tarixi də bu bayrama qatıldı.

Azərbaycanda 1 May nümayişləri 1921-ci ildən keçirilib. Bakıda, ovaxtkı Lenin meydanında “May. Sülh. Əmək” şüarlı sonuncu nümayiş 1989-cu ildə olub.

1990-cı ildə 1 May Sovet İttifaqı səviyyəsində təntənə ilə qeyd olunsa da, 20 Yanvarın ağrı-acısının hələ yaşandığı Bakıda nümayiş keçirilmədi. Rəsmi qəzetlərdə həmin gün respublika rəhbərliyinin sakinlərlə görüşləri, N.Nərimanovun xatirə muzeyində yeni ekspozisiya ilə tanış olması və s. barədə informasiyalar verilmişdi. “Şəhərin libası da təmtəraqlı deyil..." – “Kommunist” qəzeti yazırdı.

Azərbaycan SSR-in rəsmi qəzeti həmin il Moskvada SSRİ rəhbərliyinin iştirakı ilə keçirilən 1 May nümayişi haqqında reportajı ilk dəfə fotosuz (Kremlin, Qızıl meydanın şəkli olmadan) dərc etmişdi.

Yeri gəlmişkən, 1990-cı ildən sonra Moskvada da İttifaq rəhbərliyi 1 May nümayişi ənənəsinə son qoydu...

Bu gün 1 May bayramı keçmiş SSRİ məkanında Rusiyada və Belarusda qeyd edilir. Qazaxıstanda isə mayın 1-i ”Qazaxıstan xalqlarının birlik bayramı” elan edilib.

Ümumilikdə dünyanın 100-dən artıq ölkəsində mayın 1-i ictimai səviyyədə (həmkarlar təşkilatlarının nümayişləri və s.), 50-dən çox ölkədə isə rəsmi bayram günü olaraq qeyd edilir.

Çalışdığı sahədən asılı olmayaraq zəhmət çəkən hər kəsə sayğılarla

Vüqar Orxan