Azərbaycan nümayəndə heyəti Türkiyənin Ərzurum şəhərində 25-26 aprel tarixlərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT; Economic Cooperation Organization – ECO) Turizm nazirlərinin 6-cı iclasında və İƏT-in turizm üzrə yüksəksəviyyəli ekspertlərinin 8-ci iclasında iştirak edib.
Bu barədə Dövlət Turizm Agentliyindən (DTA) məlumat verilib.
Turizm nazirlərinin 6-cı iclasında çıxış edən DTA-nın sədri Fuad Nağıyev son illərdə İƏT ilə turizm sahəsi üzrə aparılan əməkdaşlığın gücləndirilməsi və ölkəmizin ev sahibliyi etdiyi İƏT tədbirləri barədə məlumat verib. Fuad Nağıyev Şuşa şəhərinin 2026-cı il üçün "İƏT-in turizm paytaxtı” seçilməsi çərçivəsində planlaşdırılan işlərdən də danışıb.
İclas zamanı Şuşanın turizm potensialını əks etdirən təbliğat videosu nümayiş etdirilib.
Qeyd edək ki, 2025-ci ildə "İƏT-in turizm paytaxtı” missiyasını Türkiyənin Ərzurum şəhəri daşıyır.
Turizm nazirlərinin 6-cı iclasında qəbul edilən qərara əsasən, Şuşadan sonra Pakistanın Lahor şəhəri 2027-ci il üçün "İƏT-in turizm paytaxtı” olacaq.
***
Ərzuruma səfər çərçivəsində DTA-nın sədri Fuad Nağıyev və Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında görüş olub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında turizm sahəsində əlaqələrin gücləndirilməsi üçün mümkün perspektivlər müzakirə edilib, qarşılıqlı turist mübadiləsinin artırılması üçün iki ölkə arasında mövcud uçuşların artırılması və bu sahədə əməkdaşlıq mexanizmlərinin inkişafının zəruriliyi qeyd olunub.
Fuad Nağıyev öz növbəsində Mehmet Nuri Ersoyu iyunun 4-6-da Azərbaycanın ev sahibliyi ilə keçiriləcək BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasında iştiraka dəvət edib.
Həmçinin iclas çərçivəsində nümayəndə heyətlərinin başçılarının iştirakı ilə hər bir İƏT üzv dövləti üçün nəzərdə tutulmuş stendlər qarşısında ağacəkmə aksiyası keçirilib.
Bununla yanaşı, İƏT-in üzv dövlətlərinin nümayəndə heyətləri “Ağıllı dünyada ədalətli gələcək: ağıllı iqtisadiyyatlar və qlobal bərabərsizlik” mövzusunda Palandökən İqtisadi Forumunun açılış mərasimində iştirak ediblər. Foruma Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz da qatılıb.