28-29 aprel tarixlərində Türkiyənin Antalya şəhərində Beynəlxalq Türk Akademiyası, Türk Dil Qurumu, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun təşkilatçılığı ilə “Türk dünyası birliyi yolunda ortaq əlifba” mövzusunda konfans keçirilir. Tədbirə Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan və Özbəkistanın alimləri qatılıblar.

Bu barədə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutundan məlumat verilib.

Açılışda çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov bildirib: “Biz Türk dünyası üçün ortaq əlifbanın elmi səviyyədə yaradılmasının tərəfdarıyıq. Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir”.

Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxışında vurğulayıb ki, ortaq əlifba qohum xalqlar arasında dil yaxınlığının qorunub saxlanılması üçün xüsusi əhəmiyyət kəsb edir. Professor qeyd edib ki, latın qrafikası əsasında ortaq əlifbanın yaradılması türkdilli xalqların tarixini, ədəbiyyat və mədəniyyətini, folklorunu, adət-ənənələrini öyrənməkdə, təbliğ etməkdə böyük rol oynayacaq.