Xəbər verdiyimiz kimi, Özbəkistanın Xivə şəhərində IV Beynəlxalq Baxşı Sənəti Festivalı və II Türk Dünyası Mədəniyyət Forumu təşkil edilib.

Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO, ICESCO, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu və digər təşkilatların dəstəyi ilə gerçəkləşən tədbirlərə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə də qatılıb.

II Türk Dünyası Mədəniyyət Forumunun (26-27 aprel) iştirakçıları arasında AMEA Folklor İnstitutunun direktoru Hikmət Quliyev və institutun əməkdaşları, Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist Sahib Paşazadə yer alıb. Ölkəmizin Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də forumda təmsil olunub.

Nümayəndə heyətinin üzvləri forum çərçivəsində keçirilən “Yeni Özbəkistanda baxşı sənəti: Müasir tədqiqatlar və perspektivlər” adlı beynəlxalq elmi konfransda çıxış ediblər.

AMM-nin direktoru Akif Marifli çıxışında bildirib ki, bu tədbir bizə ortaq türk dilini formalaşdırmaq imkanı verir. Sevindirici haldır ki, çıxışların əksəriyyəti türk dilinin müxtəlif ləhcələrində səsləndirilir. O qeyd edib ki, Türk dünyasının ayrılmaz hissəsi olan qardaş Özbəkistanın xalq yaradıcılığı da Azərbaycan folkloru ilə bənzərlik təşkil edir. Bu fakt da Azərbaycan və özbək xalqının eyni identik kodları daşıdıqlarının bariz nümunəsidir.

AMEA Folklor İnstitutunun direktoru Hikmət Quliyev son illərdə türk dövlətləri arasında elmi və mədəni əlaqələrin sürətlə genişləndiyini vurğulayıb. Qeyd edib ki, bu fəaliyyət xalqların ortaq keçmişə söykənən dəyərlərindən ortaq gələcəyə yönələn hədəflərinə doğru irəliləməsində böyük əhəmiyyət kəsb edir.

Konfransda Folklor İnstitutunun əməkdaşları, dosentlər Aynur İbrahimova “Azərbaycan eposşünaslığında “Koroğlu” dastanının genezisi problemi", İlhamə Qəsəbova “Azərbaycan məhəbbət dastanlarında sazın funksional-mistik semantikası” mövzularında məruzə ediblər.

BMM-nin direktoru Sahib Paşazadə turk xalqlarının mədəniyyəti haqqında danışıb, qardaş xalqların adət-ənənələrinin qorunması və gələcək nəsillərə layiqli səkildə ötürülməsi, ustad-şagird ənənələri haqqında məlumat verib, həmçinin forumun və festivalın əhəmiyyətindən bəhs edib.

Tədbir çərçivəsində AMEA Folklor İnstitutu ilə Daşkənddəki Yunus Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutu arasında əməkdaşlığa dair sənəd imzalanıb.