Beynəlxalq Muğam Mərkəzində (BMM) Əməkdar artist Sevinc Sarıyevanın və tələbələrinin iştirakı ilə konsert keçirilib.
“Qarabağın sevinci” adlı konsertin açılışında BMM-nin direktoru Əməkdar artist Sahib Paşazadə çıxış edərək xanəndənin ifa üslubu, oxu tərzi, ifa zamanı muğamın mənəvi zənginliyini dinləyiciyə ötürə bilmə bacarığından söz açıb.
Konsertdə Sevinc Sarıyeva ilə birlikdə tələbələri Nisbət Sədrayeva və Aytac Süleymanlı çıxış ediblər. Azərbaycan bəstəkarlarının əsərləri və muğamlardan ibarət proqram tamaşaçıların könlünü oxşayıb.
Yazıçı-dramaturq Seyran Səxavət, tarix elmləri namizədi Boran Əzizov, Əməkdar müəllim Qəzənfər Abbasov və digərləri xanəndəyə təbriklərini çatdırıblar.
Aktrisa Həlimət Sultan öz ifası ilə gecəyə ovqat bəxş edib.
Tamaşaçıların alqışları ilə yekunlaşan konsertin sonunda Əməkdar artist Sevinc Sarıyeva BMM-nin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.