
Aprelin 28-dən 30-dək İstanbulda “Azərbaycan kino günləri” keçiriləcək. Kino günləri Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində bağlanmış əməkdaşlığa dair sazişə əsasən təşkil olunacaq.
Tədbir Azərbaycanın Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Kino günlərində Mədəniyyət Nazirliyinin sifarişi ilə son illərdə istehsal olunmuş Azərbaycan filmləri göstəriləcək. Azərbaycan və Türkiyə film istehsalçıları və mütəxəssisləri arasında görüşlər keçiriləcək, birgə film istehsalı imkanları müzakirə olunacaq.
Qeyd edək ki, tədbirin açılış mərasimi və filmlərin nümayişi İstanbuldakı “Atlas Cinema”da və Türkiyənin iki nüfuzlu universitetində keçiriləcək.
Kino günlərində Azərbaycan nümayəndə heyəti iştirak edəcək.