Azərbaycanın turizm imkanları 23-25 aprel tarixlərində Almatı şəhərində keçirilən Qazaxıstan Beynəlxalq Turizm Sərgisində (KITF-2025) nümayiş etdirilir.
Dövlət Turizm Agentliyinin məlumatına görə, tədbirdə ölkəmizi Azərbaycan Turizm Bürosu, həmçinin 11 yerli sənaye tərəfdaşı, o cümlədən “Azərbaycan Hava Yolları” (AZAL) QSC və "Şahdağ" Turizm Mərkəzi təmsil edir.
Milli stenddə ziyarətçilərə Azərbaycanın turizm məhsulları və xidmətləri təqdim olunur, Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarının turizm imkanları tanıdılır.
Milli stendi Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov da ziyarət edib.
Sərgi zamanı Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə ilə Qazaxıstan Respublikasının mədəniyyət və idman nazirinin müavini Yerjan Yerkinbayev arasında görüş keçirilib. İkitərəfli münasibətlər və mümkün əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, 2025-ci ilin ilk rübündə Qazaxıstandan Azərbaycana səfər edən ziyarətçilərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artım müşahidə edilib.