Qırğızıstanın paytaxtı Bişkekdə təşkil edilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 140 illiyi də qeyd olunub.
Aprelin 23-də A.Cumaxmatov adına Qırğızıstan Dövlət Akademik Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan incəsənət ustalarının Üzeyir bəyin 140 illiyinə həsr olunmuş konserti keçirilib.
Abdılas Maldıbaev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında gerçəkləşən konsertdə orkestri beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edib.
Konsert proqramı Üzeyir bəyin “Koroğlu” operasından “Uvertüra” ilə başlayıb. Sonra solist Səidə Tağızadə (piano) Fikrət Əmirov və Elmira Nəzirovanın “Fortepiano və orkestr üçün konsert” əsərini ifa edib. Orkestrin ifasında Niyazinin "Vals"ı və Qara Qarayevin “Yeddi gözəl” baletindən “Yürüş” və “Vals” gecəyə ayrıca rəng qatıb.
Əməkdar artistlər Nərgiz Kərimova (vokal) Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Gülçöhrənin ariyası”nı, Xəyyam Mustafazadə (vokal) “Sevgili canan” romansını ifa ediblər. Müslüm Maqomayevin "Nərgiz" operasından “Nərgizin ariyası” Fatimə Cəfərzadənin ifasında səslənib.
Konsertdə görkəmli qırğız bəstəkarı Kalıy Moldobasanovun “Əmək rəqsi” də orkestr tərəfindən məharətlə ifa olunub. Fikrət Əmirovun “Azərbaycan kapricciosu” isə ana yurdumuza məhəbbət və rəğbətin himni kimi könülləri oxşayıb.
Gecəyə qırğız sənətçilər də öz töhfələrini veriblər. Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının solistləri Samira Mamatova və Murat Dervişaliyev “Arşın mal alan” operettasından “Telli ilə Vəlinin dueti”ni ifa ediblər.
Musiqi axşamı Xəyyam Mustafazadənin ifasında görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin "Azərbaycan" mahnısı ilə başa çatıb.
Bütün ifalar alqışlarla qarşılanıb.
Konsert proqramı unudulmaz bəstəkar Üzeyir bəyin mədəniyyətimiz qarşısında misilsiz xidmətlərinə minnətdarlıq nümunəsi, onun 140 illiyinə qiymətli sənət töhfəsi kimi yaddaşlara yazılıb.