Bu il M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının musiqi kolllektivlərindən olan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin 25 illik yubileyidir.
Aprelin 22-də filarmoniyanın səhnəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin 25 illiyinə həsr olunmuş “Ötən illərə musiqili səyahət” adlı konsert keçirilib.
Tamaşaçılar arasında Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, AMEA-nın müxbir üzvü Fİrəngiz Əlizadə, digər mədəniyyət xadimləri yer alıblar.
Akademik Rafael Hüseynov çıxış edərək Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin musiqi sənətimizin təbliği sahəsində fəaliyyətini yüksək qiymətləndirib, kollektivi yubiley münasibətilə təbrik edib.
Həmçinin Azərbaycan Bəstəkarlar İttifaqının və Beynəlxalq Muğam Mərkəzinin adından yubileylə bağlı orkestrin bədii rəhbəri Ağaverdi Paşayevə təbrik məktubları təqdim edilib.
Bədii rəhbər və baş dirijor Xalq artisti Ağaverdi Paşayevin idarə etdiyi konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri ilə yanaşı Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupu (xormeyster Əməkdar artist Naala Baratelia) da çıxış edib.
Konsertin solistləri Xalq artistləri Gülnaz İsmayılova (soprano), Alim Qasımov, Simarə İmanova, Aygün Bayramova, Gülyaz Məmmədova (xanəndələr), Əməkdar artistlər Fərqanə Qasımova, Almaz Orucova (xanəndələr), Anar Şuşalı (tenor), Xəyyam Məmmədov (kamança), Sahib Paşazadə (tar), eləcə də Muğam televiziya müsabiqəsinin qalibi Mirələm Mirələmov və laureatı Kamilə Nəbiyeva (xanəndələr), Xatirə Gülməmmədli (saz), vokalçılar Taleh Yahyayev və Rəşad Həsənzadə olublar.
Proqramda Azərbaycan xalq mahnıları və bəstəkar əsərləri səslənib.
Qeyd edək ki, Dövlət Xalq Çalğı Alətləri orkestri 2000-ci ilin yanvarında Azərbaycan Dövlət Filarmoniyasının F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı nəzdində yaradılaraq fəaliyyətə başlayıb.