Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) elan etdiyi “AKİDocs – sənədli filmin inkişafı və pitçinq” beynəlxalq layihəsinə iştirakçıların seçimi başa çatıb və aprelin 22-də təlimlərə start verilib.

İttifaqdan bildirilib ki, təlimlər sənədli filmlər üzrə mütəxəssis Tue Steen Müllerin (Danimarka) mentorluğu ilə keçirilir.

İlk gün o, iştirakçıların sənədli kino barədə düşüncələrini, təsəvvürlərini öyrənib, beynəlxalq platformalarda pitçinq prosesi, pitçinq üçün zəruri olan materiallar, layihələri pitçinqə hazırlamaq qaydaları haqqında danışıb.

Aprelin 29-dək davam edəcək “AKİDocs – sənədli filmin inkişafı və pitçinq” təlimlərinə iştirakçılar tərəfindən on bir layihə təqdim edilib. Təlimlərin sonunda inkişaf etdirilmiş loqlayn və sinopsisləri olan iştirakçılar münsiflər heyəti qarşısında öz layihələrinin təqdimatını etməklə pul mükafatı qazanmaq üçün yarışacaqlar.

Qeyd edək ki, Tue Steen Müller 20 ildən çox qısametrajlı və sənədli filmlər üzrə mütəxəssis kimi “Danish Film Board”da işləyib, Baltik Film və Televiziya Festivalı, Filmkontakt Nord və Avropa Sənədli Film Şəbəkəsinin həmtəsisçisi olub, 40-dan çox ölkədə təlim və seminarlar keçirib. 2007-ci ildən İtaliyada fəaliyyət göstərən Zelig Sənədli Kino məktəbinin müəllimidir.