Bişkekdə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Qırğızıstan Milli Kitabxanasında milli ədəbiyyatımızın görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə TÜRKSOY tərəfindən qırğız dilində nəşr olunmuş "Seçilmiş əsərləri" ("Tandalqan çıkarmalar") toplusunun, həmçinin şairin 1949-cu ildə çapdan çıxan "Mənim dostlarım" adlı ilk kitabının təkrar nəşrinin (Azərbaycan dilində) təqdimatı olub.
Əvvəlcə Bəxtiyar Vahabzadənin ömür və yaradıcılıq yoluna, ictimai fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova çıxış edərək Bəxtiyar Vahabzadənin kitabının qırğız dilində çap olunmasını əlamətdar hadisə kimi dəyərləndirib.
TÜRKSOY-un baş katibi və Bəxtiyar Vahabzadənin qırğız dilində "Seçilmiş əsərləri" kitabının ön söz müəllifi Sultan Raev deyib ki, Bəxtiyar Vahabzadənin yaradıcılığı təkcə doğma yurdu Azərbaycanın deyil, eyni zamanda, bütün Türk dünyasının birliyinin, bərabərliyinin təcəssümüdür. Baş katib bildirib ki, təşkilat böyük şairin 100 illiyi münasibətilə 2025-ci ili "Bəxtiyar Vahabzadəni anma ili" elan edib. TÜRKSOY-un dəstəyi ilə nəşr olunan kitab qırğız oxucuların şairin yaradıcılığı ilə dərindən tanışlığı üçün qiymətli mənbədir.
Mədəniyyət naziri Adil Kərimli XX əsr Azərbaycan ədəbi və ictimai fikrinin görkəmli nümayəndələrindən olan Bəxtiyar Vahabzadənin milli-etnik yaddaşımızla bağlı çox qiymətli əsərlər qələmə aldığını deyib. Bildirib ki, Xalq şairinin yaradıcılığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, respublikanın ali təltiflərinə layiq görülüb, xatirəsi əbədiləşdirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il Bəxtiyar Vahabzadənin 100 illiyi dövlət səviyyəsində geniş qeyd edilir. Nazir yeni nəşrlərin şairin yubileyinə dəyərli töhfə olduğunu bildirib.
Ölkəmizin Bişkekdəki səfiri Lətif Qəndilov, Qırğızıstan Milli Yazıçılar İttifaqının sədri Kanıbek İmanaliyev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və nəşrin tərcüməçiləri Altınbek İsmailov, Baktıgül Çoturova, Ömürbek Tillebaev və başqaları çıxış edərək B.Vahabzadənin şəxsiyyəti və yaradıcılığı haqqında fikirlərini bölüşüblər.
Tədbirdə incəsənət ustalarımızın ifasında B.Vahabzadənin sözləri üstündə musiqi nömrələri ifa olunub, şeirləri bədii qiraət edilib.